Firudin Qurbanov: “Dəyişən dünyada təhsil mobil transformasiyaya hazır olmalıdır”


Yanvarın 25-də Beynəlxalq Təhsil Günü münasibətilə onlayn tədbir keçirilib. Təhsil və Xarici İşlər nazirliklərinin birgə təşkilatçılığı, Azərbaycanın YUNESKO üzrə Milli Komissiyasının təşəbbüsü ilə baş tutan tədbir “COVID-19” pandemiyası dövrünü yaşamış nəsil üçün təhsilin bərpası və dirçəldilməsi” mövzusunda keçirilib.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov  çıxış edərək Beynəlxalq Təhsil Gününə həsr olunmuş onlayn görüşün keçirilməsi təşəbbüsünə görə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına təşəkkürünü bildirib.

 

Nazir müavini qeyd edib ki, ötən il özünün bütün çətinlik və problemlərinə baxmayaraq, bu gün bütün dünya azərbaycanlıları təsvirəgəlməz qürur və sevinc hissləri keçirir. Uzun illər işğal altında qalan torpaqlarımız 2020-ci il sentyabrın 27-dən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatına başlamış müzəffər Ordumuz tərəfindən azad edilib, tarixi ədalət bərpa olunub.

 

Eyni zamanda keçən il yeni çağırışlar, ilk növbədə, postindustrial cəmiyyətin yaranması, müasir informasiya və rəqəmsal texnologiyaların, süni intellektin geniş tətbiqi ilə bağlıdır. F.Qurbanov belə çağırışlardan birinin də pandemiya ilə bağlı olduğunu bildirib.

 

COVİD-19 pandemiyası bütün dünyada ənənəvi şəraitdən tam fərqli bir vəziyyət yaratmış, sosial-iqtisadi prioritetlərə yenidən baxılmasını zəruri etmişdir.

 

Məlum olduğu kimi ötən ildən etibarən dünyanın əksər ölkələrinin üzləşdiyi koronavirus pandemiyasının arzuolunmaz təsirləri təhsil sahəsindən yan keçməyib. Təhsil hər bir ölkənin intellektual kapitalını formalaşdıran strateji resursdur. Məhz buna görə də Azərbaycanın bütün inkişaf strategiyalarında təhsil dövlət siyasətinin əsas prioritetlərindən biri kimi göstərilir. Təəssüf ki, pandemiya təlim-tədris prosesinə əhəmiyyətli dərəcədə təsir edərək ənənəvi təhsilin geniş miqyasda pozulmasına, məktəblərin bağlanmasına, ömürboyu öyrənmə üzrə proqramlara mənfi təsir göstərdi. Bu, bir daha göstərdi ki, dəyişən dünyada təhsil mobil transformasiyaya hazır olmalıdır.

 

Nazir müavini əlavə edib ki, pandemiyanın yaratdığı yeni reallıqlara uyğunlaşmaq, təhsilin davamlılığını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və keçirilməkdədir. O, bu istiqamətdə görülən işlərlə bağlı bir neçə əsas məqama toxunub:

 

Ümumtəhsil müəssisələrində əyani tədrisin dayandırılmasından sonra keçən ilin mart ayından başlayaraq 2 milli televiziya kanalında həftədə 5 gün bütün sinif səviyyələri üçün, eləcə də peşə təhsili üzrə, məktəbdənkənar fəaliyyət üzrə teledərslər, UNICEF-lə əməkdaşlıq çərçivəsində “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində “Oynayırıq və öyrənirik” adlı teledərslər yayımlanmağa başlandı.

 

Ötən ilin sentyabrından cari ilin yanvar ayınadək minlərlə teledərslər təqdim olunub.

 

Teledərslərə 12 milyondan artıq baxış olub.

 

Teledərslər tədris ilinin sonuna qədər davam edəcək.

 

Virtual tədris prosesinin səmərəli şəkildə təşkili məqsədilə “Virtual məktəb” platforması pedaqoji və şagird heyətinin istifadəsinə verilmişdir, platformada keçirilmiş dərslərin sayı 6 milyondan çoxdur.

 

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə dövlət səviyyəsində qəbul olunmuş qərar əsasında 30 mindən artıq tələbənin təhsil haqqı ödənilmişdir.

 

Hal-hazırda ölkəmizdə epidemioloji vəziyyətin yaxşılaşdırılmasını nəzərə alaraq, hökumətin qərarına əsasən, fevralın 1-dən tədris və təlim-tərbiyə prosesi mərhələli şəkildə əyani formada təşkil olunacaq. Nazir müavini bununla bağlı Təhsil Nazirliyinə müvafiq tapşırıqlar verildiyini diqqətə çatdırıb.

 

  • - Həmin tarixdən etibarən ümumtəhsil müəssisələrində ibtidai siniflərdə, məktəbəhazırlıq qruplarında və icma əsaslı məktəbəqədər təhsil qruplarında təhsil bərpa olunacaq.
  • - İbtidai siniflər üzrə əyani təhsilin Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpası planlaşdırılır.
  • - Fevralın 1-dən sonrakı müddətdə isə V-IX siniflərdə təhsil alan şagirdlərin tədrisə ənənəvi qaydada cəlb olunması barədə qərar veriləcək.
  • - Ali və orta ixtisas təhsili, eləcə də peşə təhsili müəssisələrində təhsilin təşkili tələbələrin yüksək hərəkətlilik və yoluxma riskləri nəzərə alınaraq,  məsafədən təhsil formasında davam etdiriləcək.
  • - Müəyyən bir tarixdən sonra isə praktik məşğələlər tələb olunan ixtisaslar üzrə tədris ənənəvi qaydada təşkil edilə bilər.
  • - Əyani tədris forması təşkil edilən təhsil müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılacaq və ictimaiyyətə məlumat veriləcək.

 

F.Qurbanov qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, əsas odur ki, texniki imkanlar hesabına məsafədən olsa da uşaqların bilik alma imkanları var. Əslində informasiya texnologiyaları bu mürəkkəb vəziyyətdə bizi xilas edir. Müəllimlərin şagirdlərlə, tələbələrlə ünsiyyət, əlaqə yaratmaq imkanını saxlamaq üçün köməklik edir.

 

Nazir müavini əlavə edib ki, pandemiya dövlətlər və beynəlxalq təşkilatlar arasında qarşılıqlı əməkdaşlığın və dəstəyin vacibliyini önə çəkdi. Pandemiya dövründə təhsildə Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün birgə fəaliyyətlərini gücləndirmək və yaranmış çətinliklərlə mübarizədə səylərini birləşdirmək məqsədilə UNESCO-nun irəli sürüdüyü təşəbbüslər Təhsil Nazirliyi tərəfindən dəstəklənir. Bundan başqa, ölkəmiz müvafiq sahədə öz müsbət təcrübəsini digər üzv dövlətlərlə də mütəmadi bölüşür. Nümunə üçün UNESCO-nun rəsmi saytında yerləşdirilən müxtəlif ölkələrdə şagirdlərin öyrənmə prosesini asanlaşdırmaq məqsədilə tətbiq olunan distant təhsil platformaları, elektron portallar və təlim tətbiqlərinin siyahısında ölkəmizdə tətbiq edilən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” (poliap) platforması yer almışdır.

 

Beynəlxalq Təhsil Gününə həsr olunmuş görüşdə iştirak edən tədbir iştirakçılarına təşəkkürünü çatdıran F.Qurbanov əmin olduğunu bildirib ki, müasir dövrdə bu cür görüşlər pandemiya və post-pandemiya dövrünün çağırışlarına effektiv şəkildə cavab vermək baxımından öz töhfəsini verəcəkdir.

 

Daha sonra çıxış edən Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri - YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov 24 yanvar -  Beynəlxalq Təhsil Gününün qısa tarixi və mahiyyəti barədə məlumat verib. Elnur Sultanov bu təşəbbüsün əsas məqsədinin qlobal təhsil məqsədlərinə çatmaq üçün BMT-nin üzv ölkələri, BMT sistemi, özəl sektor, vətəndaş cəmiyyəti və gənclər təşkilatlarının kollektiv fəaliyyətini gücləndirməkdən ibarət olduğunu bildirib. 2021-ci ildə Beynəlxalq Təhsil Gününün “COVİD-19” pandemiyası dövrünü yaşamış nəsil üçün təhsilin bərpası və dirçəldilməsi” mövzusunda keçirilməsinin indiki dövr üçün aktual və önəmli olduğunu bildirən baş katib dünyada yaranmış problemlərin aradan qaldırılması məqsədilə YUNESKO tərəfindən irəli sürülən bir sıra təşəbbüslərdən danışıb və ölkəmizin həmin təşəbbüslərdə aktiv rol oynadığını vurğulayıb. Elnur Sultanov Azərbaycanla YUNESKO arasında təhsil sahəsində əməkdaşlıq proqramları və layihələrdən də danışıb.

 

Onlayn tədbirə qatılan Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmənin təşkili şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov pandemiyanın yaratdığı yeni reallıqlara uyğunlaşmaq, təhsilin davamlılığını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən və keçirilməkdə olan müvafiq tədbirləri diqqətə çatdırıblar.

 

Tədbirin yekununda mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.