Dünya üzrə müxtəlif ölkələrdən "edX®"-in kurslarından keçən tələbə sayı 34 milyondan artıqdır


"edX®"müxtəlif elm sahələri üzrə 3000-dən artıq təhsil kurslarını təklif edən proqram platformasıdır. "edX®"-in həlledici xüsusiyyəti kursların öz sürətinə sahib olması və proqramlaşdırıla bilməsidir. Bu platformada dərslər 4-12 həftə davam edir və hər kursun video transkripsiyası var. Hazırda dünya üzrə müxtəlif ölkələrdən "edX®"-in kurslarından keçən tələbə sayı 34 milyondan artıqdır, qeydiyyatdan keçmiş şəxslərin sayı isə 100 milyonu ötüb.

 

"edX®" 2012-ci ildə Harvard Universiteti və Massaçusets Texnologiya İnstitutu tərəfindən yaradılıb və dünyada həm qeyri-kommersiya, həm də açıq mənbəli yeganə MOOC (kütləvi, açıq və onlayn kurslar) müəssisəsidir.

 

"edX®" Harvard Universiteti, Massaçusets Texnologiya İnstitutu, Berkli Universiteti, Kvinslend Universiteti, Pensilvaniya Universiteti, Boston Universiteti, Kioto Universiteti, Tokio Universiteti kimi dünyanın 160-dan artıq ən nüfuzlu ali təhsil müəssisələrinə onlayn tədris prosesinə qoşulmağa şərait yaradır. "edX®" video, oyun laboratoriyası və 3D virtual molekul qurucusu kimi vasitələrdən istifadə edir. Platforma inkişafetdiricilərə qiymətləndirmə modulları yaratmağa və paylaşmağa imkan verən açıq mənbəlidir.

 

Dövlət Gömrük Komitəsinin Akademiyası Azərbaycan ali təhsil müəssisələri, həmçinin Ümumdünya Gömrük Təşkilatına (ÜGT) üzv dövlətlərin milli gömrük təlimi qurumları və Regional Təlim Mərkəzləri arasında "edX®" ilə əməkdaşlıq edən ilk və yeganə ali təhsil müəssisəsidir.

 

Gömrük Akademiyasının rəisi Qulu Novruzovun sözlərinə görə, növbəti semestrdən Akademiyanın tələbə və magistrlarının bu beynəlxalq onlayn tədris platformasının müxtəlif kurslarından istifadə edərək yararlanmaq imkanı var. 

 

Akademiyanın "edX®" ilə qurulmuş tərəfdaşlığı tələbələrlə yanaşı, gömrük xidməti əməkdaşlarına da beynəlxalq onlayn tədris prosesində istifadə olunan çoxsaylı kurslardan faydalanmaq imkanı yaradır. Bu imkanlardan istifadə edən gömrük xidməti əməkdaşları blokçeyn texnologiyaları, bitkoin, kriptovalyutalar, data bilikləri, əqli mülkiyyət hüququ, müqavilə hüququ, psixologiya, innovasiya, liderlik və digər sahələr üzrə onlayn kursları uğurla tamamlayaraq müvafiq 41 sertifikatı əldə ediblər.

 

Dövlət Gömrük Komitəsi Akademiyasının təşkilatçılığı ilə 25 dekabr 2020-ci il tarixində Dövlət Gömrük Komitəsi (DGK) və onun orqanlarını təmsil edən gömrük xidməti əməkdaşlarının iştirak etdiyi virtual "DGKA-edX® konfransı" keçirilib. Konfransda Akademiya rəisi Q.Novruzov, "edX®"-in Qlobal Biznesin İnkişafı üzrə rəhbəri Con Şvarts, DGK Katibliyinin rəisi Anar Süleymanov və "edX®" tərəfindən təklif olunan müxtəlif onlayn kursları uğurla tamamlamış 20-dən artıq gömrük xidməti əməkdaşı iştirak edib.

 

Tədbirdə 2020-ci ilin iyul ayından "edX®" vasitəsilə müxtəlif nüfuzlu universitetlərin kurslarını tamamlayaraq sertifikatlar əldə etmiş Azərbaycan gömrük orqanları əməkdaşları "edX®" kursları ilə bağlı rəylərini iştirakçılarla paylaşıb.

 

DGK Katibliyinin rəisi A.Süleymanov qeyd edib ki, müxtəlif qurumlarda pandemiya və dəyişkən şərtlər kontekstində insan resurslarının inkişafı və gömrük sektoru islahatlarının dəstəklənməsi üçün kadr potensialının gücləndirilməsi baxımından "edX®" ilə əməkdaşlıq əhəmiyyətli addımdır. ÜGT-nin gömrük islahatları sahəsində üç əsas prinsipi olan sahiblik, hesabatlılıq və gücləndirməni qeyd edən A.Süleymanov bu kimi təşəbbüslərin həmin prinsiplərin icrasını da dəstəklədiyini vurğulayıb.

 

Konfransa ABŞ-dan qoşulmuş "edX®"-in Qlobal Biznesin İnkişafı üzrə rəhbəri Con Şvarts əməkdaşlıq çərçivəsində əldə olunan və gələcəkdə qazanılacaq  nailiyyətlərin gömrük sektorunda kadr potensialının daha da inkişaf etməsini dəstəkləyəcəyinə inandığını bildirib. Con Şvarts Gömrük Akademiyası ilə uğurlu əməkdaşlıq nümunəsi əsasında Azərbaycanın digər ali təhsil müəssisələri ilə də əməkdaşlığa hazır olduğunu ifadə edib.