Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olmuş 234 nömrəli tam orta məktəbinin həyata keçirdiyi "Mənim peşəm" layihəsi çərçivəsində peşəyönümlü sessiyalar təşkil olunur. 

       

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, hazırda şagirdlərin sorğusu əsasında formalaşdırılan turizm-xidmət, dizayn, İKT istiqamətləri üzrə məlumatlandırma sessiyaları aparılmaqdadır.

 

Sözügedən layihə çərçivəsində peşəyönümlü məlumatlandırma sessiyalarından əlavə ustad dərsləri, profil üzrə ixtisaslaşma seçimləri, baza məlumatlandırma və biliklərin verilməsi nəzərdə tutulur. Eyni zamanda, bir sıra işəgötürənlərin əmək bazarı və ölkədəki məşğulluq barəsində təqdimat və sual-cavab sessiyalarına qatılması planlaşdırılır.

       

Sözügedən ixtisaslar üzrə peşəyönümlü tədbirlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmət üzrə  Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən 3 ay müddətində (həftədə 1 bir dəfə) təşkil ediləcək.