Azərbaycanla bağlı mövzular da müzakirə olunub


Kiyevdə Bakı Beynəlxalq  Multikulturalizm Mərkəzinin (BBMM) dəstəyi ilə “Birinci türkoloji qiraətlər” adlı ümumukrayna elmi konfransı keçirilib. Konfrans ukraynalı şərqşünas, türkoloq Aqatangel Krımskinin 150 illiyinə həsr edilib.

 

Konfransın təşkilatçısı Taras Şevçenko adına Kiyev Milli Universitetinin Tarix fakültəsi, Xarici ölkələrin yeni və ən yeni tarixi kafedrasıdır.

 

Konfrans çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruk BBMM-in Ukraynadakı fəaliyyəti barədə məruzə təqdim edib. M. Qonçaruk Azərbaycan multikulturalizmi konsepsiyasının təqdimatına, ukraynalıların Azərbaycanda millətlərarası və dinlərarası dialoqun xüsusiyyətləri ilə tanışlığına istiqamətlənən çoxsaylı layihələr barədə söhbət açıb. O, həyata keçirilən layihələrin əhəmiyyətindən və onların Ukrayna-Azərbaycan münasibətlərindəki rolundan danışıb. Bundan əlavə, BBMM-in təmsilçisi Ukraynada planlaşdırılan, gənclərlə və elmi mühitlə əməkdaşlığa istiqamətlənən layihələrə diqqət çəkib. BBMM bu il həm də Ukraynada Nizami Gəncəvi yaradıcılığında Azərbaycan multikulturalizminin ədəbi-bədii mənbələrinin tədqiqatına və təqdimatına yönələn bir sıra layihələr həyata keçirəcək.

 

Taras Şevçenko adına Kiyev Milli Universitetinin Xarici ölkələrin yeni və ən yeni tarixi kafedrasının müdiri, professor, tarix elmləri doktoru Oleq Maşevski Ukrayna ilə türkdilli xalqlar arasında münasibətlərin inkişafında görkəmli alimlərin irslərinin əhəmiyyəti barədə danışıb. Alim türk tematikasına həsr olunan tədqiqat işinin aparılmasına görə həmkarlarına minnətdarlığını bildirib.

 

Konfransın təşkilat komitəsinin sədri, Kiyev Milli Universitetinin Xarici ölkələrin yeni və ən yeni tarixi kafedrasının dosenti, tarix elmləri namizədi Oleq Kupçik ümumukrayna konfransının keçirilməsini Ukrayna ilə türkdilli xalqların münasibətlərinin, xüsusən Ukrayna-Azərbaycan münasibətlərinin öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib.

 

Konfrans çərçivəsində Azərbaycan tematikasına həsr olunan bir sıra tədqiqatlar da təqdim edilib.