Sumqayıt Dövlət Universiteti (SDU) bir neçə beynəlxalq layihədə tərəfdaş qismində öz işini uğurla davam etdirir. Bu uğurların nəticəsidir ki, 2015-ci ildə SDU ilə Ufa Dövlət Neft Texniki Universiteti (UDNTU) arasında əməkdaşlıq müqaviləsi bağlanıb.

 

Əməkdaşlıq müqaviləsinə uyğun olaraq SDU-nun professor-müəllim heyəti, tələbələri dəfələrlə UDNTU-da olub, elmi konfranslarda, Azərbaycan-Rusiya Universitetləri Assosiasiyasının forumlarında, tələbə forumlarında iştirak ediblər. Eyni zamanda UDNTU-nun əməkdaşları mütəmadi olaraq SDU-da təşkil olunan elmi konfranslara qatılıb, elmi-tədqiqat işlərinin nəticələri qarşılıqlı olaraq hər iki universitetin elmi jurnallarında nəşr olunub. SDU Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan-Rusiya Universitetləri Assosiasiyasının təşkilatçılığı ilə 2019-cu ildə “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay məktəbinə yüksək səviyyədə ev sahibliyi edib.

 

2020-ci ilin sonunda hər iki universitet arasında Azərbaycan-Rusiya Universitetləri Assosiasiyasının fəaliyyətinin 5 illiyinə həsr olunmuş telekörpü keçirilib. UDNTU-nun Elmi Şurasının qərarı ilə SDU-nun rektoru, professor Elxan Hüseynova UDNTU-nun Fəxri professoru adının verildiyi elan olunub.

 

Dünən professor Elxan Hüseynova adıçəkilən universitetin Fəxri professor diplomu və mantiyası təqdim edilib.

 

Bu barədə universitetdən bildirilib.