Bakı Dövlət Universitetində (BDU) “Clarivate Analytics” şirkətinin əməkdaşları tərəfindən “InCites analitik vasitəsindən istifadə qaydaları” mövzusunda növbəti onlayn müzakirələr keçirilib.

 

Tədbirdə InCites analitik vasitəsindən istifadə etməklə Web of Science bazasında olan məlumatlar əsasında alimin, təşkilatın və ölkənin elmi fəaliyyətinin qiymətləndirilməsi, hesabatların hazırlanması və müqayisələrin aparılması qaydaları nümayiş olunub.

 

Microsoft Teams platforması üzərindən təşkil olunan müzakirələrdə BDU-nun rektoru Elçin Babayev, elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, “Clarivate Analytics” şirkətinin MDB ölkələri və Rusiya üzrə direktoru Oleq Utkin, bu şirkətin Təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorov, şirkətin Azərbaycan, Gürcüstan və Ukrayna üzrə rəsmi nümayəndəsi Sevinc Cəfərova, BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov, mərkəzin şöbə müdiri Mahir Pirquliyev və digər əməkdaşlar iştirak ediblər.

 

Rektor E.Babayev BDU-nun “Clarivate Analytics” şirkəti ilə əməkdaşlığının daha da inkişaf etdirilməsinin perspektivləri barədə danışıb.

 

“Clarivate Analytics” şirkətinin Təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorov COVİD-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, 2020-ci ildə BDU alimlərinin Web of Science bazasında indekslənmiş jurnallarda dərc olunan elmi məqalələrinin sayının və onlara istinadların artdığını diqqətə çatdırıb.

 

Tədbirdə qarşıda duran vəzifələrdən bəhs edilib və müzakirələrin bundan sonra da mütəmadi olaraq keçirilməsinin vacibliyi vurğulanıb.

 

Bu barədə BDU-dan bildirilib.