Universiteti ixtisaslar, fakültələr və universitet birincisi olaraq bitirən tələbələr rəhbərlik tərəfindən hədiyyələrlə mükafatlandırılıb


Bu il artıq ikinci dəfə məzunlarını iş dünyasına uğurlayan Bakı Mühəndislik  Universitetində “Məzun günü” keçirilib. Məzuniyyət tədbirində millət vəkilləri, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı, iş dünyasının  nümayəndələri, valideynlər və sənət adamları iştirak ediblər.

 

Universitetin rektoru, professor Havar Məmmədov tədbir iştirakçılarını salamlayıb, məzunları və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edib. Bu gün Prezident  İlham Əliyevin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakına xüsusi diqqət yetirdiyini qeyd edən rektor universitetin fəaliyyəti, uğurları və gələcək planları barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, BMU-da yaradılmış şəffaf mühit tələbələrin yüksək təhsil almaları ilə yanaşı onların sosial fəaliyyətlə məşğul olmasına da geniş imkan verir. Universitetdə 40-a yaxın tələbə klubu fəaliyyət göstərir. Bu səbəbdəndir ki, bədii özfəaliyyət klubları və tələbə könüllülər dövlət tədbirlərində, ölkə və beynəlxalq səviyyəli intellektual yarışlarda, beynəlxalq olimpiadalarda BMU-nu layiqli təmsil edirlər.

 

Məzunları təbrik edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova deyib ki, BMU-da yüksək səviyyəli kadrlar, layiqli vətəndaşlar yetişdirilir. Rayonda keçirilən bütün tədbirlərdə BMU yüksək səviyyədə təmsil olunur.

 

Millət vəkilləri Ülvi Quliyev və Aydın Mirzəzadə məzunları təbrik edib, ölkə rəhbərinin gənclərə diqqət və qayğısından danışıblar.

 

Qeyd edək ki, bu il Bakı Mühəndislik Universitetindən ümumilikdə 985 nəfər məzun həyata qədəm qoyur.  Bakalavr pilləsindən 755  tələbə məzun olur. Onlardan 558  tələbə ingilis dilində, 197  tələbə Azərbaycan dilində təhsil alıb.  Builki bakalavr məzunlarından 114-ü fərqlənmə diplomuna layiq görülüb.

 

Universiteti ixtisaslar, fakültələr və universitet birincisi olaraq bitirən tələbələr rəhbərlik tərəfindən hədiyyələrlə mükafatlandırılıb.

 

Tədbirin bədii hissəsində universitetin özfəaliyyət kollektivləri və tanınmış sənət adamları çıxış ediblər.