Lənkəran Dövlət Universitetində (LDU)  olimpiada qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. 

 

Universitetdən bildirilib ki, LDU-da riyaziyyat, fizika, kimya, informatika, biologiya və coğrafiya fənləri üzrə artıq 5 ildir ki, “Zona fənn olimpiadası” təşkil edilir. Martın 26-da keçirilən fənn olimpiadasında Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonlarının orta ümumtəhsil məktəblərinin IX, X, XI sinif şagirdləri, LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kolleci, Astara Pedaqoji Kolleci və Masallı Dövlət Regional Kollecinin tələbələri daxil olmaqla, 300-ə yaxın namizəd onlayn qaydada iştirak edib.

 

LDU-nun rektoru, professor Natiq İbrahimov olimpiada qaliblərini qazandıqları uğurlara görə təbrik edib və bu nailiyyəti elm yolunda onların ilk addımı kimi dəyərləndirib. COVİD-19 pandemiyasının davam etdiyi hazırkı şəraitdə keçirilən onlayn olimpiadanı universitetin elmi uğuru və bu sahəyə diqqəti adlandıran universitet rəsmisi bilik yarışmasına həvəslə qatılan, qalib olmağı bacaran yeniyetmələri LDU-nun tələbələri sırasında görmək arzusunda olduğunu deyib. N.İbrahimov son illərdə tədrisin təşkili, elmi tədqiqatların aparılması, tələbələr üçün əlverişli dərs şəraitinin yaradılması istiqamətində görülən işlərdən söz açaraq bu xəttin davamlı olacağını bildirib.

 

Rektor 44 gün davam edən və Azərbaycan Ordusunun Zəfəri ilə başa çatan müharibədə universitet məzunlarının, tələbələrinin, bütövlükdə Azərbaycan gəncliyinin fəal iştirakından da söz açıb.

 

“Yeni texnologiyaların yaradıcıları siz olmalısınız, onların tədbiqini siz həyata keçirməlisiniz. Ölkəmizin sabahı, elmi -texniki tərəqqisi sizdən asılıdır. Bu gün ölkəmizdə ixtisasını dərindən bilən mütəxəssislərə, yaradıcı gənclərə böyük ehtiyac duyulur. Mən sizə elmin çətin yollarında uğurlar arzulayıram” -deyə rektor vurğulayıb.

 

Sonda N.İbrahimov olimpiada qaliblərinə universitetin diplom, kubok və qiymətli hədiyyələrini təqdim edib.