Mingəçevir Dövlət Universitetində (MDU) 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan “Müzəffər Milli Ordu güclü, müstəqil Azərbaycan dövlətinin qarantıdır” mövzusunda elmi konfrans keçirilib.

 

MDU-nun rektoru Şahin Bayramov otuz il işğal altında olan əzəli torpaqlarımızın müzəffər Ali Baş Komandanın rəhbərliyi və Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində azad olunmasından bəhs edib. Rektor 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qalibiyyətin yaşatdığı sonsuz sevinc və fəxarət hissləri ilə bayram gününün qeyd edilməsindən qürurlandığını bildirib.

 

Azərbaycanda ordu quruculuğunun məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan Ş.Bayramov Prezident İlham Əliyevin apardığı məqsədyönlü, düşünülmüş və sistemli siyasət sayəsində hazırda ölkəmizin müasir standartlara cavab verən və regionda ən qüdrətli silahlı qüvvələrə sahib olduğunu qeyd edib.

 

Bu gün ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin etibarlı şəkildə qorunduğunu diqqətə çatdıran Ş.Bayramov gələcəyin əsgərləri olacaq tələbə gənclərin yüksək vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində universitetdə görülən işlər və qarşıda dayanan vəzifələr haqqında ətraflı məlumat verib.

 

Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

 

MDU-nun baş müəllimi İlham Məmmədov “Milli Ordumuzun qəhrəmanlıq epopeyası: “Vəhşi diviziyadan”  Zəfər savaşına aparan şanlı yol”, dosent Esmira Cəfərova “15 iyun Şuşa Bəyannaməsi dünyaya ünvanlanmış sülh mesajıdır”, müəllim, Vətən müharibəsi iştirakçısı Qaragöz Kərimov “Azərbaycan gəncliyi Milli Ordumuzun müsəlləh əsgəridir”, Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin koordinatoru Minayə Hüseynova “Şəhidlik müqəddəsliyin ali məqamı kimi” mövzularında məruzələrlə çıxış ediblər.

 

Məruzələrdə tarixi zəfərlə nəticələnən Vətən müharibəsində Azərbaycanın rəşadətli silahlı qüvvələrinin sarsıdıcı və yenilməz gücündən, döyüş meydanlarında cəsur əsgərlərimizin göstərdiyi yüksək vətənpərvərlik, qəhrəmanlıq və fədakarlıq nümunələrindən, dövlətimizin regionda sülhün və təhlükəsizliyin təminatına hədəflənmiş siyasətindən bəhs edilib.