26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov və universitetin bir qrup akademik, inzibati və tələbə heyəti üzvü Bakı şəhərində səfərdə olublar.

 

İlk öncə İkinci Fəxri Xiyabanı ziyarət edən MDU kollektivinin üzvləri universitetin şəhid məzunu Faiq Həsənovun məzarı üstünə gül dəstələri qoyub və onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

 

Rektor Ş.Bayramov Müzəffər Ali Baş Komandanın rəhbərliyi və yenilməz Azərbaycan əsgərinin rəşadəti sayəsində qazanılan tarixi zəfərdə qəhrəman şəhidlərimizin mühüm pay sahibi olduğunu qeyd edib.

 

Şəhid anası Yeganə Həsənovaya dərin ehtiramını bildirən Ş.Bayramov ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canından və qanından keçən bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.

 

Otuz illik yurd həsrətinə son qoyan 44 günlük Vətən müharibəsində MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzununun iştirak ediyini, 5 məzunun isə şəhidlik zirvəsinə ucaldığını diqqətə çatdıran rektor döyüşlərdə göstərdikləri mərdlik, şücaətə görə Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə onların müxtəlif medallarla təltif edilməsinin universitet kollektivi tərəfindən böyük fəxarət və rəğbət hissi ilə qarşılandığını bildirib.  

 

Tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin universitet qarşısında dayanan başlıca vəzifələrdən biri olduğunu vurğulayan Ş.Bayramov şəhid məzunların adlarının əbədiləşdirilməsi istiqamətində MDU-da həyata keçirilən çoxşaxəli işlər barədə məlumat verib.

 

Doğma yurdlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan bütün vətən övladları ilə qürur duyduğunu bildirən şəhid anası Y.Həsənova ölkəmizdə şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.

 

Sonra Vətən müharibəsində möhtəşəm qalibiyyət qazanan Azərbaycan əsgərinin zəfər yürüşündə göstərdiyi şücaətləri və düşmənə vurduğu sarsıdıcı zərbələri əks etdirən Hərbi Qənimətlər Parkı ziyarət edilib. Tarixi qələbənin simvollarından birinə çevrilən Parkda MDU-nun tələbə və müəllim kollektivi üzvləri müharibənin real nəticələri, o cümlədən düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.