Mingəçevir Dövlət Universitetində (MDU) “Məzun günü-2021” tədbiri keçirilib.

 

Zoom platforması üzərindən onlayn formatda təşkil edilən tədbirdə cari tədris ilində MDU-dan məzun olan tələbələr və magistrantlar, eləcə də valideynlər, universitetin əməkdaşları iştirak ediblər.

 

MDU-nun rektoru Şahin Bayramov 2020/2021-ci tədris ilində bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 567 gəncin universitetdən məzun olduğunu diqqətə çatdırıb, bütün məzunları, onların müəllimlərini və valideynlərini təbrik edib.

 

Bütün dünyanı bürüyən pandemiya səbəbindən universitet həyatında önəmli hadisələrdən biri olan “Məzun Günü”nün artıq ikinci dəfə onlayn formatda təşkil edildiyini vurğulayan rektor 44 günlük Vətən müharibəsində universitetin 120-dən çox tələbə və məzununun iştirak ediyini, 5 məzunun isə şəhidlik zirvəsinə ucaldığını söyləyib, göstərdikləri vətənpərvərlik, mərdlik, qəhrəmanlıq, fədakarlıq və digər yüksək mənəvi-əxlaqi dəyər nümunələri ilə MDU ailəsini şərəfləndirən belə məzunlarla qürur duyulduğunu bildirib.

 

Qloballaşmanın sürətlənməsi, rəqəmsallaşmanın geniş yayılması, əmək bazarının tələblərinin dinamik dəyişməsi ilə əlaqədar olaraq yeni çağırışların meydana çıxdığı bir şəraitdə universitetdə təhsili başa vurub iş həyatına qədəm qoymağın fürsətləri və çətinliklərindən bəhs edən rektor məzunlara daim çalışmağı, əldə etdikləri bilik və bacarıqları fasiləsiz olaraq müasir dövrün tələblərinə uyğun yeniləməyi, uğura gedən yolda inamla addımlamağı tövsiyə edib.

 

Tədbirdə çıxış edən məzunlar və valideynlər yaradılan əlverişli təhsil mühitinə, göstərilən diqqət və qayğıya görə MDU rəhbərliyinə təşəkkürünü bildiriblər. Məzunların yüksək ixtisaslı mütəxəssis, milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər vətəndaş kimi yetişmələrində böyük əməyi olan bütün müəllimlərə minnətdarlıqlarını çatdırıblar.

 

Sonra təhsil müddətində yüksək akademik göstəricilər nümayiş etdirən və universitetin ictimai həyatında fəal rol oynayan bir qrup məzun MDU-nun Fəxri Fərmanı ilə təltif olunub.

 

Sonda müəllimlərin və məzunların MDU haqqında təəssüratlarını əks etdirən videoçarx nümayiş etdirilib.