Naxçıvan Dövlət Universitetində (NDU) tədrisi ingilis dilində olan İqtisadiyyat ixtisası üçün təşkil edilən 12 həftəlik təlim uğurla yekunlaşıb.

 

Amerikalı professorların da qatıldığı onlayn tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki,  təşkil olunan treninqlərdə tələbələr müasir biznesin funksiyaları, iş  mühiti, idarəetmə, marketinq, maliyyə məsələləri ilə bağlı məlumatlar əldə ediblər.  

 

Eyni zamanda universitetin iqtisadiyyat fakültəsinin müəllim, tələbə heyəti və digər fakültələrdən olan könüllülərlə biznes idarəçiliyi, biznes mərkəzlərinin insanların həyatında rolu, beynəlxalq biznesin əhəmiyyəti, maliyyə konsepsiyası və s. məsələlər ətrafında müzakirələr aparılıb. Vurğulanıb ki, tələbələr bu təlimlər vasitəsilə həmçinin sahibkarlığın inkişafı, onu təşkil və idarə etmək qabiliyyəti, dünya əhəmiyyətli sahibkarlıq mərkəzləri ilə virtual tanışlıq imkanları qazanıblar. Rektor müəllim və tələbələrin gələcək karyeraları üçün mühüm əhəmiyyət daşıyan təlimlərin keçirilməsinə görə amerikalı mütəxəssislərə öz minnətdarlığını ifadə edib.

 

Təlimdə iştirak edən hər bir müəllim və tələbəyə amerikalı mütəxəssislərin - Harri Lipinski, Paul Prabhaker, Cəmaləddin Hüseyni, Kollin Hikman, Ronald Melka, Jon Kalaras, Kristofer Veyger, Maykl Krzistonun imzaladıqları sertifikatlar verilib.

 

Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib, birgə təlimlərin əhəmiyyəti önə çəkilib.

 

Qeyd edək ki, tədrisi ingilis dilində olan İqtisadiyyat ixtisası tələbələrinin və bu ixtisasda dərs deyəcək müəllimlərin təcrübi peşə bacarıqlarının formalaşdırılması, inkişafı üçün ABŞ-ın Şimali İllinoys Universitetinin professorları tərəfindən onlayn təlimlərə 2020-2021-ci tədris ilinin əvvəlindən başlanılıb. NDU ilə ABŞ universitetləri arasında  keçirilən təlimlər bu ixtisasda dərs deyəcək müəllimlərin hazırlıq səviyyəsinin daha da artırılması istiqamətində mühüm əhəmiyyətə malik olub.