Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov cari tədris ilində universitetdən məzun olan magistrantlarla görüşüb.

 

Rektor pandemiya dövrünün mövcud çətinliklərinə baxmayaraq, universitetin çoxşaxəli həyatında, o cümlədən dərslərdə, təlimlərdə, kollokviumlarda, imtahanlarda, elmi, sosial və ictimai tədbirlərdə magistrantların xüsusi fəallıqları ilə seçildiyini vurğulayıb, karyera inkişafında qədəm qoyacaqları növbəti mərhələdə məzunlara uğurlar arzulayıb.

 

Universitetin strateji hədəfləri, yerli və xarici tərəfdaş ali təhsil müəssisələrində doktorantura təhsili və stajkeçmə perspektivləri, MDU-da işə qəbul imkanları, karyera məsləhətçiliyi xidmətləri və digər məsələlərdən söhbət açan Ş.Bayramov məzunlara vətənə, xalqa, dövlətə bağlı və cəmiyyətə faydalı yüksək ixtisaslı kadr olmağı, bilik və bacarıqlarını daim inkişaf etdirməyi, MDU ailəsinin üzvü olaraq universitetlə əlaqələrə xüsusi həssaslıqla yanaşmağı tövsiyə edib.

 

Yaradılan əlverişli təhsil mühitinə, göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkür edən magistrant məzunlar təhsil aldıqları ali təhsil ocağının adını daim yüksək tutacaqlarını bildiriblər.

 

Qeyd edək ki, son dövrdə MDU-da tədris ilinin sonunda ali təhsilini başa vuran tələbə və magistrantlarla müxtəlif formatlı görüşlərin keçirilməsinə xüsusi önəm verilir, məzunlarla işin səmərəli təşkili və idarə edilməsi universitet rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır.