Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik, inzibati və tələbə heyəti üzvü universitetin Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Bərdə şəhərində Şəhidlər Xiyabanını ziyarət edib.

 

Ziyarət zamanı MDU kollektivinin üzvləri 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə və igidliyə görə "Azərbaycan Bayrağı" ordeni, “Vətən Uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilən, vətənpərvər ifaları ilə döyüş yoldaşlarını ruhlandıran və qələbəyə kökləyən qəhrəman şəhidimiz Xudayar Yusifzadənin doğum günü münasibətilə keçirilən anım mərasimində də iştirak ediblər.

 

Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində tariximizə qızıl hərflərlə həkk olunan şanlı zəfərin qazanılmasında şəhidlərin mühüm pay sahibi olduqlarını bildirən universitet təmsilçiləri vətənpərvər oğullar böyüdən valideynlərə dərin ehtiramını ifadə edib, bütün şəhidlərə rəhmət, qazilərə şəfa diləyiblər.

 

Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərin adlarının əbədiləşdirilməsi, onların əziz xatirəsinin daim uca tutulması və göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi diqqət mərkəzində saxlanılır.