Mingəçevir Dövlət Universitetinin rektoru  (MDU ) Şahin Bayramov COVID-19 infeksiyasına qarşı mübarizə ilə əlaqədar ali məktəbin  professor-müəllim və inzibati-texniki heyət üzvlərinə, tələbə və magistrantlara müraciət edib.

 

Rektor Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarına əsasən, 2021-ci il 1 sentyabr tarixindən etibarən bütün təhsil müəssisələri işçilərinin azı 80%-nin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələbini xatırladaraq, hamını bu prosesdə aktivliyə çağırıb.   Bildirib ki, COVID-19 infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində 18 yaşa çatmış vətəndaşlar da  peyvənd olunur və  ali təhsil müəssisələrində təhsil alan yaşı 18-dən yuxarı bütün şəxslərin COVID-19 pasportunun olması tələb edilir.

 

Ş.Bayramov bu günə qədər MDU əməkdaşlarının 92%-nin peyvənd olunduğunu, tələbə və magistrantların da bu prosesə fəal qoşulduğunu vurğulayaraq,  peyvənd olunmayan bütün əməkdaş, tələbə və magistrantları vaksinasiya prosesində fəal iştiraka dəvət edib. Bildirib ki, əks təqdirdə universitet auditoriyalarında ənənəvi təhsilə başlamaq mümkünsüz olacaq.