Mingəçevir Dövlət Universitetində (MDU) təhsil və sənaye əməkdaşlığı formatı çərçivəsində tərəfdaş “Azmade Group” MMC şirkətinə daxil olan Zəyəm Texnologiyalar Parkında (ZTP) reallaşdırılacaq “Yay Təcrübə Proqramı”nda iştirak hüququ qazanmış universitetin və Mingəçevir Peşə Məktəbinin (MPM) tələbələri ilə görüş keçirilib.

 

Görüşdə MDU-nun rektoru Şahin Bayramov, MPM-in direktoru İlham İlyasov və hər iki təhsil müəssisəsinin bir qrup əməkdaşı iştirak edib.

 

Tələbələrin karyera inkişafı və əmək bazarının müasir tələblərinə uyğun kadr kimi yetişmələri baxımından təcrübə proqramının önəmini diqqətə çatdıran MDU-nun rektoru Ş.Bayramov  “Azmade Group” MMC və ZTP rəhbərliyinə təşəkkür edib, MDU-nun akademik, inzibati və tələbə heyəti üzvlərini universitet, peşə məktəbi və sənaye arasında mövcud olan üçtərəfli işbirliyi formatının yaratdığı əlverişli imkanlardan maksimum faydalanmağa çağırıb.

 

MPM-nin direktoru İ.İyasov praktiki hazırlığa daha çox önəmin verildiyi peşə məktəbləri üçün bu tip təcrübə proqramlarının üstünlüklərindən danışıb.

 

Qeyd edək ki, “Yay Təcrübə Proqramı”  MDU, MPM və “Azmade Group” MMC şirkəti arasında ötən ay imzalanmış üçtərəfli təhsil və sənaye əməkdaşlığına dair Anlaşma Memorandumu çərçivəsində təşkil edilib. Cari ilin avqust ayı ərzində ZTP-də reallaşdırılacaq təcrübə proqramında MDU-nun 5 və MPM-in 2 tələbəsi iştirak etmək hüququ qazanıb. MDU və MPM-in tarixində ilk dəfə baş tutacaq bir aylıq təcrübə müddətində tələbələr ZTP tərəfindən  bütün lazımi şəraitlə (yaşayış və qidalanma) təmin olunacaq, onlara müvafiq qaydada əməkhaqqı ödəniləcək.