Mingəçevir Dövlət Universitetində (MDU) “Azərbaycan iqtisadiyyatı (infoqrafika)” kitabının təqdimatı olub.

 

Dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan, professor Ədalət Muradov və dosent Elşən Bağırzadənin həmmüəllifliyi ilə yazılan kitabın təqdimatında MDU-nun iqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim və inzibati-texniki heyət üzvləri, tələbələr, magistrantlar iştirak ediblər.

 

MDU-nun rektoru Şahin Bayramov Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) alimləri tərəfindən hazırlanan kitabın əhəmiyyətindən danışıb. Azərbaycan iqtisadiyyatına dair fərqli baxış və müasir yanaşma ortaya qoyulduğunu vurğulayan rektor əsərin böyük zəhmət hesabına ərsəyə gəldiyini bildirib. Rəqəmlərin dili ilə daha çox məlumatın təqdim edildiyini diqqətə çatdıran Ş.Bayramov infoqrafik kitab üçün seçilən kompleks təhlil, unikal format və uğurlu dizayn barədə fikirlərini bölüşüb. Azərbaycan iqtisadiyyatının faktiki olaraq bütün sahələrini əhatə edən kitabın yalnız rəsmi mənbələrə əsaslanan məlumatları əks etdirdiyini deyən rektor kitabı professor-müəllim heyəti, tələbələr, magistrantlar və doktorantlar üçün qiymətli bir əsər kimi dəyərləndirib.

 

“Azərbaycan iqtisadiyyatı (infoqrafika)” kitabının MDU-nun iqtisadiyyat və idarəetmə fakültəsində müvafiq fənlərin tədrisində və elmi fəaliyyətdə geniş istifadə ediləcəyinə əminliyini bildirən Ş.Bayramov UNEC və MDU arasında qarşılıqlı faydalı əməkdaşlığın önəmindən danışıb.

 

Sonra təqdim olunan kitabın bölmələrinə uyğun olaraq  MDU-nun professor-müəllim heyəti üzvləri məruzələrlə çıxış ediblər.