Lənkəran Dövlət Universitetində (LDU) 2 fevral- Gənclər Günü münasibətilə tədbir keçirilib.  

 

Universitetin sosial məsələlər üzrə prorektoru Kamran Kazımov Gənclər Gününün yaranması dövrünə  toxunub, ulu öndər Heydər Əliyevin fərmanı əsasında 1997-ci ilin 2 fevralından başlayaraq bu tarixin ölkəmizdə Gənclər Günü kimi qeyd olunduğunu bildirib. Prorektor Ümummilli Liderin elmə verdiyi yüksək qiymətdən və gənclərə göstərdiyi qayğıdan danışaraq, bu istiqamətdə imzalanan sərəncamları, atılan addımları xatırladıb. K.Kazımov deyib ki, dövlət idarəçiliyi sistemində gənclərin iştirakını təmin etmək, onların potensialından düzgün istifadə etmək məqsədilə Prezident İlham Əliyev 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nı (2005-2009-cu illər) təsdiq edib, “2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı”  və  digər dövrləri əhatə edən proqramlar qəbul olunub:”Hazırda Azərbaycan gəncləri onlara göstərilən etimadı, bu etimaddan irəli gələn məsuliyyəti başa düşür və öz dövləti, lideri ətrafında sıx birləşməklə bu etimadı doğruldur”.

 

LDU Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Quliyev isə çıxışında istedadlı və fəal tələbələrin maddi və mənəvi cəhətdən stimullaşdırılması istiqamətində universitetdə görülən işlərdən, gələcək planlardan söz açıb.

 

Gənclərlə iş üzrə mütəxəssis Aytac Tacibzadə, tyutor, II Qarabağ müharibəsi iştirakçısı, qazi Əli Zamanzadə, tələbələr Tünzalə Hüseynova, Şəbnəm Abdullayeva tədbirdə çıxış edərək, müasir gəncliyin qarşısında duran vəzifələrdən danışıblar.