Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosiasiyası (ABTMA), Midlberi Beynəlxalq Araşdırmalar İnstitutu və ABŞ-ın Azərbaycandakı səfirliyinin tərəfdaşlığı ilə “Peşəkar Assosiasiya və Bilik Mübadiləsi vasitəsilə Azərbaycanda Ali Təhsilin Beynəlmiləlləşdirilməsinin Genişləndirilməsi” adlı seminar keçirilib.

 

Seminarda ABŞ-ın Azərbaycandakı səfirliyinin, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin,  Azərbaycandakı Milli Erasmus+ Ofisinin, British Council Azərbaycan təşkilatının, ABŞ-ın Midlberi Beynəlxalq Araşdırmalar İnstitutunun və 25 ali təhsil müəssisəsinin beynəlxalq əlaqələr şöbələrinin rəhbər nümayəndələri iştirak ediblər. Mingəçevir Dövlət Universitetindən (MDU) bildirilib ki, ali məktəbi bu tədbirdə Beynəlxalq əməkdaşlıq ofisinin koordinatoru Emil Həsənov təmsil edib.

 

Altı sessiyadan ibarət olan seminarda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası və gələcək planlar”, “Beynəlxalq təhsil üçün mövcud reallıqlar və gələcək istiqamətlər”, “Azərbaycanda beynəlxalq təhsil modelləri (tərəfdaşlıqlar, proqramlar və fəaliyyətlər)”, “Dövlət və beynəlxalq təşkilatların təqaüd proqramları vasitəsilə tələbə/müəllim mobilliyi və ya mübadilə”, “Azərbaycanda əcnəbi tələbə və tədqiqatçı dəyişimi (mübadiləsi) proqramlarının perspektivləri və tələbə xidmətləri”, “Azərbaycanda və regionda beynəlxalq təhsil əməkdaşlığı üçün növbəti addımlar” və digər mövzularda məruzələr edilib.

 

Qeyd edək ki, ABTMA 2019-cu ilin noyabr ayında bir təşəbbüs qrupu kimi təsis edilib və könüllülük prinsipi əsasında bir neçə yerli ali təhsil müəssisələrinin əməkdaşları tərəfindən fəaliyyətə başlayıb. ABTMA-nın missiyası təşviq, vəkillik, şəbəkələşmə və peşəkar resurs mübadiləsi vasitəsilə fərdləri və qurumları dəstəkləməklə Azərbaycanda ali və peşə təhsilinin effektiv beynəlmiləlləşdirilməsinə töhfə verməkdir.