Naxçıvan Dövlət Universiteti (NDU) və Naxçıvan Gənclər Fondunun birgə təşkilatçılığı ilə universitetin Bədən tərbiyəsi və idman, Məşqçilik ixtisaslarının tələbələri üçün “Ağbulaq” xizək mərkəzində təlim keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na əsasən, ali məktəbdə müxtəlif idman növü üzrə keçirilən məşğələlərdən danışıb.  Qeyd edib ki, muxtar respublikada yeni xizəkçilik idman növünə olan maraq nəzərə alınaraq Məşqçilik ixtisasının III kurs tələbələri üçün İdman turizmi fənni tədris olunur. Rektor tələbələrin nəzəri biliklərinin təcrübədə tətbiqi üçün keçirilən təlimin əhəmiyyətini önə çəkib və tələbələrə həm tədris, həm də asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində uğurlar arzulayıb.  

 

Milli Məclisin deputatı, Naxçıvan Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev muxtar respublikada gənclərə və idmanın inkişafına göstərilən dövlət qayğısından, gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə görülən işlərdən danışıb. Bildirilib ki, “Ağbulaq” İstirahət Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün “Qış məktəbləri” də bu istiqamətdə görülən işlərə bariz nümunədir.

 

Sonra tələbələr xizək mərkəzində onlar üçün təşkil olunan təlimdə iştirak ediblər.