Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Mingəçevir şəhər 13 nömrəli tam orta məktəbdə Respublika fənn olimpiadalarının şəhər mərhələsinin qalibləri ilə görüş keçirilib.

 

Məktəblilərlə görüşdə Mingəçevir şəhər Təhsil şöbəsi, MDU, eləcə də şəhərin bir sıra ümumtəhsil məktəblərinin rəhbər və əməkdaşları iştirak ediblər.

 

Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri səlahiyyətlərinin icraçısı Zamiq Cəbiyev qalib şagirdləri təbrik edib. Fənn olimpiadalarının əhəmiyyətindən danışan Z.Cəbiyev şəhərin istedadlı məktəbliləri ilə görüşün təşkilinə görə MDU-nun rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib.

 

Qalibləri təbrik edən MDU-nun rektoru Şahin Bayramov məntiqi və yaradıcı təfəkkürü ilə fərqlənən parlaq zəkalı gənclərlə görüşdən məmnunluğunu bildirib. Elmə marağın artırılmasına və istedadlı gənclərin aşkara çıxarılmasına xidmət edən fənn olimpiadalarının önəmindən bəhs edən rektor respublika və beynəlxalq səviyyəli bilik müsabiqələrində iştirakın gənclərin potensialının inkişafında mühüm rol oynadığını vurğulayıb.

 

Sonra 13 nömrəli tam orta məktəbin direktoru Daşqın İbrahimov, 16 nömrəli tam orta məktəbin direktoru Sevinc Həsənova, 7 nömrəli tam orta məktəbin direktoru Anar İsmayılov, MDU-nun Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırov fənn olimpiadalarının təhsilin inkişafında rolundan danışıblar.

 

Sonda fənn olimpiadalarına hazırlıq işinin təşkili ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.