Mingəçevir Dövlət Universitetində (MDU) Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə polis əməkdaşları, universitetin akademik və inzibati heyət üzvləri, tələbələr, magistrantlar iştirak ediblər.

 

Tədbir bəşəriyyətin ən təhlükəli bəlalarından hesab edilən narkomaniyanın fəsadları barədə tələbələri maarifləndirmək və narkomaniyaya qarşı mübarizədə gənclərin fəallığını daha da artırmaq məqsədi daşıyıb.

 

MDU-nun rektoru Şahin Bayramov ölkəmizdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində, ictimai asayişin möhkəmləndirilməsində, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında Azərbaycan polisinin mühüm rolundan bəhs edib. Həm 44 günlük Vətən müharibəsi dövründə, həm də pandemiyanın davam etdiyi həssas bir şəraitdə daxili işlər orqanları əməkdaşlarının yüksək vətənpərvərlik, qəhrəmanlıq, mərdlik, fədakarlıq və humanizm nümayiş etdirdiklərini söyləyən Ş.Bayramov Mingəçevir polisinin timsalında bütün Azərbaycan polisinə təşəkkürünü bildirib. Gənclərin sağlam və vətənpərvər ruhda yüksək ixtisaslı mütəxəssis kimi yetişdirilməsinin universitetin başlıca missiyalarından olduğunu diqqətə çatdıran rektor tədbirin əhəmiyyətini vurğulayıb. Bu ortaq fəaliyyəti narkomaniya əleyhinə həyata keçirilən müvafiq dövlət proqramlarının icrasına töhfə kimi dəyərləndirən  Ş.Bayramov sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı təşkilinin önəmini qeyd edib.

 

Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev  narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışıb və onların fəsadları barədə geniş məlumat verib. Bildirib ki, dünyada narkomaniyaya qarşı müxtəlif vasitə və metodlarla mübarizə aparılmasına baxmayaraq, problemin aktuallığı və miqyası getdikcə artır. Bəşəriyyət üçün təhlükəli olan bu bəlanın Azərbaycan cəmiyyətindən də yan keçmədiyini qeyd edən polis rəisi ölkəmizdə narkotik cinayətkarlığa qarşı aparılan uğurlu əməliyyatlardan,  həyata keçirilən məqsədyönlü profilaktiki və maarifləndirmə tədbirlərindən danışıb.

 

Daha sonra çıxış edən Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları məruzələrində psixotrop maddələrin insan orqanizminə zərərli təsirləri barədə məlumat veriblər. Narkomaniyanın sağlamlıq üçün ciddi təhlükə yaratması ilə yanaşı, cinayətkarlığın artmasına təkan verən ən böyük sosial bəlaya çevrildiyi diqqətə çatdırılıb, gənclər “narkomaniyaya yox” deməyə, sağlam həyat tərzinə və mənəvi kamilliyə çağırılıb.

 

Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb və  tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.