500-dən yuxarı bal toplayan 1982 nəfər bu ali məktəbi seçib


Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulu Bakı Dövlət Universitetinin payına düşür.

 

Belə ki, bakalavriatura və magistratura səviyyəsində qəbul olunanların sayı (BDU-nun Qazax filialı da daxil olmaqla) 6220 nəfər təşkil edib.

 

BDU-nun bakalavriat səviyyəsinə universitetin Qazax filialı da daxil olmaqla 5444 nəfər qəbul olub ki, bu da ötən tədris ili ilə müqayisədə 400 nəfər çoxdur. Bu il qəbul imtahanlarında 600 və daha yüksək bal toplayan tələbələr ötən illə müqayisədə 71 nəfər artaraq 461, 500-700 arası bal toplayanlar isə 482 nəfər artaraq 1982 nəfər olub. Eyni zamanda 3-cü ixtisas qrupu üzrə 700 bal toplayan 3 nəfərin seçimi də BDU olub.  

        

Onu da qeyd edək ki, bu il BDU-nun Qazax filialına qəbul olan tələbələrin sayında da artım qeydə alınıb. Belə ki, bu il filiala 561 nəfər tələbə qəbul olub. Bu rəqəm ötən illə müqayisədə 172 nəfər çoxdur. Beləlikdə BDU-nun Qazax filialında cari tədris ilində 17 ixtisas üzrə təhsil alanların sayı 1006 nəfərə çatıb.

 

Bu tədris ilində BDU-nun SABAH qruplarına qəbul olunan tələbələrin sayı 250 nəfərdən 280 nəfərə qədər yüksəlib. Onlardan 264 nəfəri BDU tələbələridir. Ümumilikdə, BDU-nun 10 ixtisas üzrə SABAH qrupları tələbələrinin sayı ötən illə müqayisədə 106 nəfər artaraq 701 təşkil edib.

 

Magistratura səviyyəsinə qəbul olan magistrantların sayı 776 nəfər təşkil edib. Bu da ötən illə müqayisədə 132 nəfər çoxdur.

      

Qeyd edək ki, bu il Bakı Dövlət Universitetinin magistratura səviyyəsində “Humanitar və sosial ixtisaslar qrupu” bölməsində “İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ”, “Tibbi hüquq”, “Əqli mülkiyyət hüququ”, “Əmək hüququ: sosial təminat hüququ”, “ İdman hüququ” və “Turizm hüququ” ixtisasları, “Təbiət ixtisasları qrupu” bölməsində “Kosmologiya”, “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsində “Gənclərlə iş”  adlı yeni ixtisaslaşmalar  açılıb.

 

Təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan BDU-nun 16 fakültəsində bakalavriat səviyyəsində 65, magistratura səviyyəsində isə 44 ixtisas və 235 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir və təhsil alan tələbələrin sayı  23 minə yaxındır.

 

Universitetdə təhsil alan tələbələrin təlim-tərbiyəsi ilə 3000-dən çox əməkdaş, o cümlədən 1500 nəfər professor-müəllim heyəti məşgul olur. Onlardan 300 nəfərə qədəri elmlər doktoru, professor, 1000 nəfərə qədəri fəlsəfə doktoru, dosentdir.