Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında qardaş Türkiyədə baş vermiş zəlzələyə həsr olunmuş məruzə dinlənilib.

 

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Akademiyada operativ müşavirənin keçirildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli AMEA əməkdaşlarının zəlzələ və onun səbəbləri, dağıdıcı zəlzələlərin yaratdığı fəsadlar, Azərbaycandakı hazırki seysmik vəziyyətlə bağlı ölkə mediasında davamlı olaraq açıqlamalarla çıxışlar etdiklərini və əhalinin maarifləndirilməsi istiqamətində təbliğat işi apardıqlarını söyləyib.

 

Sonra AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin “Türkiyədə baş vermiş zəlzələlərin ilkin nəticələri və seysmologiya elminin vəzifələri” mövzusunda məruzəsi dinlənilib. O, Türkiyədəki zəlzələlərin dağıntılarının miqyasının böyük olmasının ilk növbədə yeraltı təkanların ardıcıl iki dəfə təkrarlanması və uzun müddətli olması ilə əlaqədar olduğunu bildirib.

 

Q.Yetirmişli rəhbərlik etdiyi mərkəzin ölkə ərazisində fəaliyyət göstərən seysmik stansiyaları, kompleks seysmoloji, geofiziki və geodinamik tədqiqatlar zamanı istifadə olunan elmi metodikalar barədə də məlumat verib.

 

Məruzə dinlənildikdən sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Seysmik aktiv bölgələrdə yerləşən dövlətlərdə zəlzələyə dayanıqlılıq məsələsinin başlıca problemlərdən biri olduğunu deyən akademik İsa Həbibbəyli bu istiqamətdə aparılacaq elmi tədqiqatların problemin həllinə öz töhfəsini verə biləcəyini söyləyib. Həmçinin qeyd edib ki, ölkəmizdə “Seysmologiya” ixtisası üzrə yüksəkixtisaslı kadr hazırlığı işinə diqqət daha da gücləndirilməlidir və bu istiqamətdə doktorantura təhsilinin yaradılmasına da ehtiyac vardır.

 

Müzakirələrdən sonra Rəyasət Heyəti tərəfindən kompleks seysmoloji-geofiziki-geodinamik tədqiqatların daha da genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə respublika ərazisinin seysmik rayonlaşdırma xəritəsinin hazırlanması, mərkəzin maddi-texniki bazasının  və proqram təminatının yenilənməsi və s. haqqında qərarlar qəbul edilib.