Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə universitetin kitabxana fondunda qorunan nadir kitabların sərgisi keçirilib.

 

Tədbirdə ADPU-nun rəhbərliyi və professor-müəllim heyəti ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq institutlarının rəhbər şəxsləri və əməkdaşları, millət vəkilləri, müxtəlif universitetlərin alimləri, Azərbaycan Milli Kitabxanasının, AMEA Elmi Kitabxanasının nümayəndələri və digər ziyalılar iştirak ediblər.

 

Tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, Pedaqoji Universitetin kitabxanası ölkəmizin ən zəngin ikinci universitet kitabxanası olmaqla, eyni zamanda xeyli sayda qədim və nadir kitabların, əlyazmaların da qorunduğu unikal bir məkandır. Rektor qeyd edib ki, kitabxananın nadir kitablar fondunda müxtəlif dövrlərə aid 1000 nüsxəyə yaxın nadir kitab, əlyazmalar qorunur və onların 121 nüsxəsi “Azərbaycan Kitab Abidələri” elektron reyestrində qeydiyyata alınıb, digər kitabları işləmək üçün ADPU-nun peşəkar kitabxanaçıları sahə üzrə mütəxəssislərin cəlb edilməsi ilə intensiv iş aparırlar.

 

Nadir kitablar haqqında ətraflı məlumat verən sosial və humanitar məsələlər üzrə prorektor Fikrət Rzayev diqqətə çatdırıb ki, universitetdə yenidənqurma və təkmilləşdirmə işləri ilə bağlı kitabların saxlanılması və qeydiyyatı sahəsində də təkmilləşdirmələr aparılır. O vurğulayıb ki, hazırda ADPU kitabxanasının fondunda ərəb, fars, rus, əski əlifbalı Azərbaycan dili və bir neçə Avropa dillərində nəşr olunmuş müxtəlif sahələrə aid nadir nəşrlər qorunur. Onlar arasında ən qədim nəşr 1741-ci ildə Sankt-Peterburqda nəşr olunmuş Rikotanın o dövr Osmanlı imperiyasından bəhs edən 278 səhifəlik kitabıdır.

 

Millət vəkilləri Anar İsgəndərov və Etibar Əliyev belə bir irsin mühafizə olunmasının önəminə diqqət çəkib, bu əsərlərin hər birinin üzərində mütəxəssislərin işləyərək onların reyestrə salınması, transliterasiyası və s. məsələlərin vacibliyini qeyd ediblər.