XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinə start verilib


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Mədəni müxtəliflikdə birlik: Azərbaycan nümunəsində” adlı XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər qoyulub.

 

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qış məktəbinin iştirakçılarına Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

 

Sonra XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ADA Universitetində “Heydər Əliyev və multikulturalizm” mövzusunda mühazirə dinləyiblər. Mühazirəni ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə təqdim edib. O, diqqətə çatdırıb ki, Azərbaycanda multikulturalizmin dərin kökləri var:”Ölkəmizdə multikulturalizm ənənələrinin formalaşması və bu modelin yaradılmasında Heydər Əliyevin xidmətləri çoxşaxəlidir. Ulu öndər Heydər Əliyev öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib, onu keyfiyyətcə yeni mərhələyə qaldırıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqaməti yeni mərhələdə Prezident İlham Əliyev uğurla davam etdirir. Müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə nümunədir”.

 

Qeyd edək ki, XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Təzəpir məscidini ziyarət edib və  Milli Məclisin sədr müavini Adil Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə də görüşüblər.

 

Xatırladaq ki, “Heydər Əliyev İli”nə həsr olunan XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi fevralın 26-dək davam edəcək. XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Türkiyə, Braziliya, Rumıniya, Almaniya, Fələstin, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Pakistan, İraq, Bolqarıstan, Mozambik, Mərkəzi Afrika Respublikası, Suriya, Şri-Lanka, Çin və Yaponiya kimi ölkələrin aparıcı universitetlərindən 30 tələbə iştirak edir.