Rektor Kamal Abdulla rusiyalı gənclərlə görüşüb


Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunun beynəlxalq könüllülük proqramı olan “Dünyada rus dili səfirləri” layihəsi çərçivəsində Azərbaycanda olan rusiyalı gənclərlə görüşüb.

 

Görüşdə K.Abdulla universitetdə tədris olunan bir çox dillər sırasında rus dilinin xüsusi əhəmiyyətini vurğulayıb. ADU-da bir çox dil və mədəniyyət mərkəzlərinin, elmi-tədqiqat laboratoriyalarının mövcud olduğunu deyən rektor Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasında həyata keçirilən layihələrdən, rusdilli ölkələrin ədəbiyyatı və mədəniyyəti ilə bağlı keçirilən tədbirlərdən danışıb.

 

Multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu deyən K.Abdulla Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) fəaliyyətindən söz açıb. O, “Azərbaycan multikulturalizmi” fənninin ölkəmizlə yanaşı, Almaniya, İtaliya, Portuqaliya, Rusiya, Gürcüstan və bir çox digər xarici ölkələrin universitetlərində də tədris olunduğunu qeyd edib.

 

Kamal Abdulla, həmçinin, universitetin bir çox xarici ölkə ali məktəbləri ilə əməkdaşlıq etdiyini, beynəlxalq tədbirlər, konfrans, seminar, simpoziumlar təşkil olunduğunu söyləyərək Almaniyanın Vürsburq Universiteti ilə birgə keçirilən “Nibelunqlar nəğməsi” və “Kitabi Dədə Qorqud” dastanlarının müqayisəli şəkildə öyrənilməsinə həsr olunmuş simpoziumları xatırladıb.  “Dünyada rus dili səfirləri” layihəsinin ADU-da pilot olaraq ötən ildən həyata keçirildiyini deyən K.Abdulla Rusiya universitetləri ilə gələcək perspektivlər, birgə nəşrlər, mübadilə proqramları ilə bağlı fikirlərini söyləyib.

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və  Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə cari ilin 27-28 sentyabr tarixlərində Bakıda keçirilmiş IX Azərbaycan-Rusiya Regionlararası Formunda iştirak edən rusiyalı gənclər ADU-da səmimi qarşılandıqlarına  görə təşəkkürlərini bildirib,  layihə haqqında danışıblar. Qeyd olunub ki, layihənin məqsədi ölkələrarası dil və mədəniyyət sahəsində mübadiləni həyata keçirməkdir. Gənclər bildiriblər ki, layihə çərçivəsində rus dilinin öyrədilməsi üzrə innovativ təlimlərdə rus dili və mədəniyyətinin mənimsənilməsində yardım göstərəcəklər. 1-5 oktyabr tarixlərində ölkəmizdə olacaq rusiyalı gənclər, həmçinin buranın adət-ənənələri ilə tanış olacaqlarını diqqətə çatdırıblar.