Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) müzeyşünaslıq ixtisası üzrə təhsil alan ikinci kurs tələbələri, eləcə də bu ali təhsil ocağının məzun və əməkdaşları 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində olublar.

 

Bu haqda ATMU-dan redaksiyamıza daxil olan məlumatda bildirilir ki, görüşdə sağlamlıq imkanları məhdud gənclərin cəmiyyətə verdiyi töhfə, ölkədaxili və beynəlxalq arenada qazandıqları uğurlar haqqında fikir mübadiləsi aparılıb.

 

Ali təhsil müəssisəsinin təmsilçiləri, həmçinin Azərbaycan Boccia İdman Federasiyasının baş katibi İlham Məhərrəmov və bu qurumun üzvləri ilə də görüşüblər. ATMU-nun nümayəndələri boccia haqqında ətraflı məlumatlandırılmaqla yanaşı, bu idman növü üzrə qüvvələrini də sınayıblar.

 

Sonda qonaqlar mərkəzin sakinlərinin əl işləri ilə tanış olublar. Sağlamlıq imkanları məhdud gənclərə ATMU-nun tələbələrinin hazırladıqları hədiyyələr təqdim edilib.