“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2018-2019-cu il mövsümü üzrə 8 yaşadək (U-8) və 9 yaşadək (U-9) futbolçulardan ibarət komandalar arasında təşkil olunan “Təhsil Liqası”nın oyunlarına başlanılıb.

 

Liqanın keçirilməsində məqsəd idman məktəblərinin futbol bölmələrində ibtidai hazırlıq qruplarının fəaliyyətlərinin gücləndirilməsi, kütləviliyin təmin olunması, uşaqların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.

 

U-8 yaş qrupu üzrə keçirilən yarışlarda idman məktəblərindən və futbol klublarından 12, U-9 yaş qrupu üzrə 14 komanda mübarizə aparacaq. FİFA-nın mövcud qaydaları əsasında keçirilən yarışlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunacaq.

 

Mövsümün sonunda liqalar üzrə I, II və III yeri tutan komandalar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. 5 nominasiya üzrə seçiləcək futbolçular xüsusi mükafatlarla təltif olunacaqlar.