Azərbaycan Dillər Universitetində (ADU) 5 oktyabr- Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş bədii tədbir keçirilib.

 

ADU-nun rektoru akademik Kamal Abdulla bu gün münasibətilə professorları, müəllimləri, o cümlədən tələbələri təbrik edib. Rektor müəllimliyin yüksək peşə olduğunu, tələbələrin də bu istiqamətdə irəlilədiklərini və müəllimlik peşəsinə yiyələnmək istəyən gənclərin sayının günü-gündən artdığını bildirib: “Müəllimlik peşəsi vətən, millət üçün faydalıdır. Auditoriyada bu, ikitərəfli prosesdir. Ona görə ki, müəllim auditoriyada öyrətməklə yox, həmçinin öyrənməklə məşğuldur. Bu öyrətmə prosesi hökmən ikitərəfli olur. Ona görə də bu gün yalnız müəllimlərin peşə bayramı deyil, eyni zamanda hər bir tələbənin də peşə bayramı sayıla bilər”.

 

Rektor K.Abdulla bu müəllimlərin universitet adından xüsusi pul mükafatı ilə təbrik olunacağını deyib. Bu gün ADU-nun məzunlarının yalnız Bakı ərazisində yerləşən məktəblərdə deyil, həmçinin qaçqın məktəblərində də çalışdıqlarını söyləyən rektor onların bir çox digər qurumlarda universiteti ləyaqətlə təmsil etdiklərini, ölkə xaricində müxtəlif konfranslarda, tədbirlərdə uğurla iştirak etdiklərini, ölkəmizin adını uca tutduqlarını vurğulayıb.

 

Ölkə prezidenti İlham Əliyevin Azərbaycanın bu günü və gələcəyi üçün yaratdığı bu ab-havanın, insani, şərəfli mühitin müəllimlər üçün də fərəhləndirici hal olduğunu deyən rektor K.Abdulla ADU-nun Prezidentin dəst-xəttini davam etdirdiyini qeyd edib.

 

Rektor K.Abdulla simvolik olaraq universitet müəllimlərini təmsil edən ali təhsil ocağının ən yaşlı müəllimi “Xarici dillərin tədrisi metodikası” kafedrasının professoru Gəray Yusifzadə və ən gənc müəllimi “Təlimdə innovasiyalar” kafedrasının müəllimi Vüsalə Məmmədovaya  hədiyyələr təqdim edib.

 

Rektor K.Abdulla, həmçinin, müəllimlərini təbrik edən tələbələrə də təşəkkürünü bildirib.

 

Daha sonra universitetin tələbələri qeyd olunan gün haqqında məlumat veriblər, mahnılar, rəqs, şeirlər ifa ediblər, ADU-nun “Dillilər” şən və hazırcavablar komandası səhnəciklə çıxış edib.