I kurs tələbələri bu dostluq şəbəkəsi haqqında geniş məlumatlandırılıb


Oktyabrın 8-də Azərbaycan Texniki Universitetinin I kurs tələbələrinə  Könüllü Gənclər Təşkilatının “Bir” Tələbə-Könüllü  Proqramının təqdimatı keçirilib.

 

Təşkilatın nümayəndəsi, bütün təqdimatların rəsmi aparıcısı Kamran Əliyev proqram haqqında ətraflı məlumat verərək  bildirib ki, bu Proqram Azərbaycan tələbələrinin könüllülük fəlsəfəsi, prinsipləri, dəyərləri çərçivəsində dostluq şəbəkəsidir.

 

Daha sonra AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev proqramın əhəmiyyətindən danışıb və gənclərə bu layihədə fəal iştirak etməyi tövsiyə edib.

 

Qeyd olunub ki, adını başlanğıc, dostluq, birlik və həmrəylikdən alan “Bir” Tələbə-Könüllü Proqramındakı bir-birindən maraqlı layihə, proqram, tədbirlər bir gəncin arzuladığı bilik və bacarıqları əldə etməyə, digər insanlara yardım əlini uzatmağa imkan yaradacaqdır. Ölkədə könüllülərin fəaliyyəti vahid məlumat bazasında sistemləşdirilir. Tələbənin könüllü olaraq dövlət əhəmiyyətli tədbirlərdə iştirakı gələcəkdə onun karyerasına müsbət təsir edə bilər.

 

Proqrama üzv olan tələbə-könüllülərin dünyagörüşünü artırmaq, yeni dostlar qazanmaq və unudulmaz anlar yaşatmaq, tələbəlik həyatını rəngarəng və faydalı keçirmək, fərdi və ictimai fəaliyyətin inkişafına şərait yaratmaq, asudə vaxtı səmərəli təşkil etmək həmin Proqramda qarşıya qoyulmuş başlıca məqsəddir.

 

Proqramı təmsil edən nümayəndələr tədbirdə iştirak edən digər tələbələrlə müxtəlif intellektual oyunlar keçirib, qalib tələbələrə hədiyyələr təqdim ediblər.

 

Tədbirdə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən proqram çərçivəsində keçirilmiş təlimlər, seminarlar, komanda turları, festivallar, xeyriyyə aksiyaları barədə videoçarxlar nümayiş etdirilib.

 

Sonda tələbələrin sualları cavablandırılıb.