Qaliblər 100-dən çox şeir göndərən 50 müəllif arasından seçilib


III “Məmməd Araz poeziya günü” çərçivəsində şairin anadan olmasının 85 illiyinə və respublika üzrə şeir müsabiqəsi qaliblərinin mükafatlandırılmasına həsr edilən yekun tədbiri keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Yazıçılar Birliyi və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə reallaşan yekun tədbirində respublikanın görkəmli mədəniyyət, ədəbiyyat xadimləri, Məmməd Araz şeirinin pərəstişkarları, şairin ailə üzvləri iştirak ediblər. “Məmməd Araz poeziya günü” layihəsinin rəhbəri Qardaşxan Əzizxanlı şairə həsr olunmuş silsilə tədbirlərdən söz açıb. Bildirib ki, layihə çərçivəsində aprel ayında Qazax rayonundan başlanan ədəbi görüşlər İsmayıllıda, Neftçalada,  paytaxtın  “Zəkalar” liseyində davam etdirilib.  Müsabiqəyə 30 rayondan 50-dək müəllif 100-dən çox şeir göndərib.  Ən kiçik yaşlı iştirakçılar Mingəçevirdən 20 nömrəli məktəbin III sinif şagirdləri Məhəmməd Məlikzadə və Ayşən Əhmədova olub. Ustad şairin şeirlərinin ifası üzrə seçim turunun qalibi olmuş Xəzər Universitetinin tələbələri Aytən Əsgərova, Aytac Həsənova və Pinar Məmmədzadəyə, “Zəkalar” liseyinin şagirdləri Nəzrin Ağazadə, Əbülfəz Rzazadə, Nicat Səmədov, Nilufər Tağıyeva, Aydan Mehdiyeva və Şəbnəm Haşımlıya Bilik Fondunun və Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi diplomlar, təşəkkürnamələr və hədiyyələr verilib.

   

Sonda 2017-ci ilin Məmməd Araz adına “Qartal” mükafatının laureatı, Bakıdakı  12 nömrəli tam orta məktəbin V sinif şagirdi İbrahim Əhmədovun məharətli şeir söyləməsi iştirakçılarda xoş ovqat yaradıb.

 

Sifai SƏFƏROVA