Təhsilin keyfiyyəti təkcə kadr hazırlamaqla deyil, həm də onun əmək bazarına uyğunlaşması ilə ölçülür


Bəşər tarixinin bütün dövrlərində qazanılmış sosial təcrübənin bir nəsildən digərinə ötürülməsi, öyrənmə və təhsilalma aktual olub və günümüzdə də müstəsna əhəmiyyət kəsb edir. Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, ayrı-ayrı ölkələr məhz keyfiyyətli təhsilə verdikləri önəm sayəsində yüksək inkişaf səviyyəsinə çatmağa nail olub.

 

Müasir qlobal tendensiyalar da milli təhsil sistemləri qarşısında mühüm vəzifələr qoyur. Çünki dünya sürətlə dəyişir, onun geostrateji inkişaf mənzərəsi yeni keyfiyyət məzmunu kəsb edir, əmək bazarı yeni dövrün tələblərinə müvafiq yüksək hazırlıqlı, müasir bilik, bacarıq və kompetensiyalara malik mütəxəssislər tələb edir. Dünyada gedən dinamik inkişaf tendensiyaları və təhsil sahəsində əsaslı dəyişikliklər ölkəmizin də yeni inkişaf mərhələsinə qədəm qoymasına,  milli təhsil quruculuğuna, təhsil sisteminin milli ənənələr və ümumbəşəri dəyərlər əsasında yenidən qurulmasına, Avropa və dünya təhsil məkanına inteqrasiya istiqamətində mühüm addımlar atılmasına təkan verib. Bacarıq əsaslı, biliyin tətbiqinə əsaslanan təhsilə keçmək hazırda ölkəmizdə mühüm prioritetlərdən sayılır və əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı strateji vəzifə kimi qarşıya qoyulur.

 

Son illərdə ölkəmizdə təhsilalanların rifahı naminə dövlət səviyyəsində həyata keçirilən müxtəlif layihələrin, təhsilə ayrılan maliyyə vəsaitlərinin və gələcəyə yönəldilən investisiyaların əsas qayəsi yeni çağırışlara uyğunlaşmaq, gələcək inkişaf istiqamətlərini hazırlamaqdır. Bu istiqamətdə təhsillə bağlı bir neçə Dövlət Proqramının icrası təmin edilib. Təhsil siyasətinin prioritetliyi 2021-2030-cu illəri əhatə edən yeni strateji mərhələdə də təmin ediləcəkdir. Bunu Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə istinadən demək mümkündür. Eləcə də, qəbul edilən dövlət proqramları, təhsil konsepsiyaları, strategiya xarakterli sənədlər və onların icra olunması “nəzəriyyə, ideologiya və texnologiya” 3-lüyünə əsaslandığına görə, ölkəmizin ictimai həyatının bütün sahələrində məqsədyönlü inkişafı təmin edir.

 

Həmçinin görülən işlər və aparılan islahatların uğurlu nəticələrini ölkəmizdə müəllimlik ixtisaslarına son illərdə marağın artmasında da müşahidə edirik. Belə ki, bu maraq  təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün idarəetmə sisteminin yenidən qurulması, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi, müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyinin önə çəkilməsi və s. ilə bağlıdır. Təsadüfi deyildir ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ikinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur.

 

Deməli, təhsilalanların savadlı və səriştəli mütəxəssis kimi formalaşması müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur. Bu səbəbdəndir ki, son illərdə müəllim nüfuzunun və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, eləcə də, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımlar atılmışdır.

 

Təhlil və araşdırmalarımız onu deməyə əsas verir ki, müəllimlik peşəsində bütləşmiş, sabit nöqtədə təkidlə dayanmaq və ya durğunluq etmək, keçmiş stereotiplər və alışılmış adətlərlə fəaliyyət göstərmək işə yaramır. Bu peşəni dinamizm və davamlı çalışmaq şərtləndirir. Çünki müəllim təhsilalanların əldə etmək istədiyi yeni bilik, informasiya və səriştələrin ilkin mənbələrindən sayılır. Tələbə haqlı olaraq, hər bir halda fakt və hadisələrə çevik reaksiyanı, yanaşma və münasibəti müəllimdən görmək istəyir. Bəs, müəllim-tələbə münasibətlərinin müasir təhsil standartlarına uyğun qurulmasında müqəddəs peşənin daşıyıcıları olan təhsilverənlər nələrə diqqət yetirməlidirlər?

 

Təhsilalanın psixoloji durumunu idarə etmək üçün, ilk növbədə, onun psixoloji pasportundan xəbərdar olmaq, başqa deyimlə, tələbəyə bələd olmaq lazımdır. Eyni situasiyada fərqli tələbələr şəxsi keyfiyyətlərindən, psixoloji resurslarından, ailə şəraitindən, həyat tərzindən və s. asılı olaraq fərqli davranış nümayiş etdirirlər. Bu səbəblə təhsilalanların hamısı ilə birmənalı davranmaq, onlara eyni cür tövsiyələr vermək, şablon metodlarla psixoloji vəziyyətlərini tənzimləmək və s. mümkün olmur.

 

İkincisi, ETT və inkişafın 4-cü Sənaye İnqilabı miqyasında Generation Zet, Alfa və b. nəsilləri əldə tutmaq asan məsələ deyil. Ümumdünya İqtisadi Forumu hesab edir ki, sənaye inqilabı modeli üzərində qurulan hazırkı təhsil sistemi  IQ-yə, xüsusən də yaddaşa və standartlaşdırmaya - süni intellekt tərəfindən asanlıqla və effektiv şəkildə əvəzlənəcək bacarıqlara fokuslanıb. IQ (zəka intellekti) + EQ (emosional intellekt) + RQ-in (sabitlik) yaxşı uzlaşması tələbənin potensialını açmaq üçün mühüm əhəmiyyətə malikdir. Bu faktı günümüzün reallığından dəyərləndirsək, Z nəslinin (özünütəhsil və davamlı öyrənmə yolu ilə) artıq təhsil müəssisələrinin dominant himayəsindən ayrılma prosesi gedir. Amma bu, heç də o demək deyil ki, müəssisələr inkişafdan geri qalmalı, əksinə zamanın nəbzini və sosial sifarişləri sərrast tutaraq onu qabaqlamalıdırlar.

 

Üçüncüsü, dərsdə auditoriyanın idarə edilməsi bir çox amillərdən: müəllimin peşəkarlıq xüsusiyyətlərindən, tədris etdiyi fənn üzrə nəyi (məzmun), nə üçün (məqsəd) və necə (metodika) öyrətməsindən, tələbələrin gözləntilərinə cavab verməsindən, onların müsbət və mənfi davranışlarını obyektiv dəyərləndirməsindən, auditoriyanın idarə edilməsinə dair pedaqoji tələbləri, modelləri və rəhbərlik üslublarını bilməsindən və yerinə görə istifadə etməsindən, XXI əsr bacarıq və qabiliyyətlərindən, müəllimin bədən dilindən, auditoriyada nizam-intizam qaydalarını və prosedurları düzgün müəyyənləşdirməsindən, tələbələrlə ünsiyyət və kommunikasiya prosesini effektiv idarə etməsindən, dərsi planlamasından, öz səriştəliliyini inkişaf etdirməsi yollarından və s. asılıdır.

 

Başqa sözlə, təhsilalanların sürətlə dəyişən tələbatlarına cavab vermək, yeni texnologiyalardan istifadə etmək, dərsləri yüksək səviyyədə təşkil etmək, dəyər daşıyıcısı və ötürəni olmaq, yeni nəsil performanslar nümayiş etdirmək, nəinki sadəcə əlindən gələni etmək, əslində yeni təcrübələr qazanmaq, fərqli metodikalarla tələbələrin maraq, meyil, potensial imkanlarını aşkarlamaq və s. son illərin aktual arqumentlərindəndir.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə həsr olunmuş mərasimdə elm və təhsil naziri Emin Əmrullayev demişdir: “Müəllimlik ixtisasının formatının və mənasının dəyişməsi çox vacibdir. XXI əsr müəlliminə XX əsr müəllimindən olan bacarıqlarla yanaşı, əlavə bacarıqlar da tələb olunur, artıq yeni bacarıq tələbləri var”.

 

Bu baxımdan son illərdə orta ixtisas təhsili sisteminin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi və əmək bazarının ixtisaslı kadrlarla təmin edilməsi üçün çalışdığım ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində təhsilverənlərin və təhsilalanların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilməkdədir. Çünki təhsilverənləri mütəmadi olaraq peşəkar hazırlığa cəlb etmək, yeni trendlər, tədris metodologiyaları və ən son texnologiyaların təhsilə tətbiqində daim ilklərə imza atmaq məsələsi qocaman təhsil məbədimizdə müəllimin fəaliyyətinin ayrılmaz tərkib hissəsidir.

 

Son tədris ilində kollecimizdə müəllim və tələbələrin peşəkar bacarıq və səriştəliliyinin inkişaf etdirilməsi məqsədilə “Davamlı təhsil və təlim” şöbəsinin və müvafiq qurumların təşkilatçılığı ilə müxtəlif mövzularda təlimlər, seminarlar və məsləhət saatları təşkil edilmiş və keçirilmişdir.

 

Belə bir qənaətə gələ bilərik ki, təhsilalanların arzu və istək, meyil və maraq, bilik və bacarıqlarına uyğun olaraq peşəsinin seçilməsi təhsil mədəniyyətinin bir qoludur. Bu məsələnin həllində kollecimiz bir əsrdən çox tarixi keçmişə və özünəməxsus müsbət ənənələrə malik qabaqcıl orta ixtisas təhsili müəssisəsi və müəllim hazırlığının ünvanı kimi tanınır. Təsadüfi deyildir ki, hər il kollecimizin ayrı-ayrı ixtisaslar üzrə istər ümumi orta (9 illik), istərsə də tam orta (11 illik) təhsil bazasından tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri ən yüksək faizlə -100%-lə dolur. Digər tərəfdən, son 2 ildə Elm və Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu üzrə keçirdiyi müsabiqənin test imtahan mərhələsində bəzi ixtisaslar üzrə məzunlarımız hətta əksər ali təhsil müəssisəsi məzunlarından da yüksək nəticələr əldə edirlər. “Təhsil islahatları kolleclərə yeni nəfəs verib” adlı əvvəlki məqaləmizdə bu barədə geniş şərh vermişdik (“Azərbaycan müəllimi” qəzetinin 4 avqust 2023-cü il tarixli sayında).

 

Beləliklə, təhsil islahatlarının yeni dalğası fonunda ADPK müəllim hazırlığı ilə məşğul olan digər orta ixtisas müəssisələri ilə müqayisədə, artıq bir brendə çevrilib. Təhsilverənlər olaraq bizlər, təhsilin effektivlik dərəcəsinin artırılması və əmək bazarının tələblərinə uygun fərqli istedadlara malik mütəxəssis yetişdirməyimizin daim fövqündə və fərqindəyik. Çünki təhsilin keyfiyyəti təkcə kadr hazırlamaqla deyil, həm də onun əmək bazarına uyğunlaşması ilə ölçülür. Başqa sözlə, məzunlarımız əmək bazarına nə qədər çevik daxil olub, ixtisaslarına, bilik və bacarıqlarına uyğun işlə məşğul olsalar, vergi öhdəliyi, məsuliyyəti və ödəyicisi olan vətəndaşlara çevrilsələr, onların dinamik potensialından istifadə ölkəmiz üçün faydalı olar.

 

Simuzər QAFAROVA,

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin metodisti