Lənkəran Dövlət Universitetində (LDU) 2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasına start verilib.

 

İmtahan sessiyası əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün 7 yanvar  tarixindən 1 fevral tarixinədək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyələrinin I-IV tədris ili qrupları üçün 8 yanvar tarixindən 13 yanvar tarixinədək, V tədris ili qrupları üçün 25 yanvar tarixinədək yazılı şəkildə keçirilir.
 

LDU-nun rektoru, professor Natiq İbrahimov imtahanların gedişini izləmək məqsədilə bu gün universitetin tədris korpuslarına baş çəkərək vəziyyətlə əyani tanış olub, tələbələrlə söhbətləşib. Rektor professor-müəllim heyəti ilə görüşü zamanı onları tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və imtahanlarda şəffaflığın təmin edilməsi üçün bütün imkanlardan maksimum səmərəli istifadə etməyə çağırıb. İmtahanlarda tələbələrə və professor-müəllim heyətinə uğurlar arzulayan rektor N. İbrahimov imtahan sessiyasının davam etdiyi müddət ərzində prosesə gündəlik nəzarət edəcəyini, neqativ halların qarşısının alınacağını bildirib.

 

Qeyd edək ki, LDU-da bütün fakültələr üzrə imtahanlar tələbələrin əvvəlcədən sərbəst seçdiyi günlər üzrə iki növbədə keçirilməklə təşkil olunacaq. Ötən sessiyadan tələbələrə imtahan günlərini və suallarını elektron qaydada seçmək imkanı yaradılıb. İmtahan nəticələrinin universitetin rəsmi saytında (www.lsu.edu.az) operativ yerləşdirilməsi təmin ediləcək.

 

Sessiya dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər tədbirləri həyata keçirmək məqsədi ilə rektorun sədrlik etdiyi Operativ Qərargah yaradılıb.
Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların və şikayətlərin operativ olaraq araşdırılması və müvafiq qərar qəbul edilməsi məqsədi ilə təşkil olunmuş  Apelyasiya komissiyaları bu gündən fəaliyyətdədir və bütün tədris korpuslarında onlar üçün müvafiq otaqlar ayrılıb.


Tələbələrin imtahanlara hazırlığının səmərəli təşkili üçün universitetin Elmi kitabxanası da gücləndirilmiş iş rejiminə keçib.