Hər bir insan üçün onun doğulduğu, boya-başa çatdığı, uşaqlığının, gəncliyinin keçdiyi ev, kənd, el-oba müqəddəs bir ocaqdır. Bu, mənim üçün də belədir. Ən böyük faciə o zaman olur ki, insan məcburən öz elindən, obasından didərgin salınır. Mən Qərbi Azərbaycanın Basarkeçər rayonu Yuxarı Şorca kəndində müəllim ailəsində dünyaya gəlmişəm. 1988-ci ilə, yəni azərbaycanlıların Qərbi Azərbaycandan son deportasiyasına qədər ailəmizlə birgə doğma kəndimizdə ömrümün ən qayğısız çağlarını yaşamışam. Hazırda Qax rayonunda yaşayır və T.İsmayılov adına 5 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərirəm. Göyçədə keçirdiyim uşaqlıq və ilk gənclik illərindən xatırladığım, mənim üçün çox əziz və unudulmaz olan xoş xatirələrlə yanaşı, ermənilərin bizim millətə qarşı özüm müşahidə etdiyim aşağılayıcı münasibətindən, əsasən də, atamın bizə söylədiyi hadisələrdən söhbət açmaq istəyirəm.
 
Məlum olduğu kimi, 1988-ci ildə bədnam qonşularımız bizə qarşı soyqırım törədərək öz yurd-yuvamızdan didərgin saldılar. Digər soydaşlarımız kimi bizim ailə də doğma Azərbaycana pənah gətirdi. Kəndimizin camaatı bir-birindən ayrı düşərək Azərbaycanın müxtəlif bölgələrinə səpələndi. Qardaşım Nazim Abdullayev 1983-cü ildən Qax rayonunda yaşayır, Yol İstismar İdarəsində baş mühəndis işləyirdi. O səbəbdən bizim  və əmimin ailəsi Qaxda məskunlaşdı. 
 
Bizim rayonumuz coğrafi mövqeyinə görə Azərbaycanın Kəlbəcər rayonu ilə sərhəddə yerləşir. Rayonun özündə və 3 kənddə (Qırxbulaq, Noragerd və Qarçaxpyur) ermənilər, 3 kənddə (Böyük Məzrə, Çaxırlı və Tüstülü) azərbaycanlılarla ermənilər qarışıq, qalan 32 kənddə yalnız azərbaycanlılar yaşayırdılar.
 
Atamın dediklərinə görə, Basarkeçər rayonunda həmişə yüksək vəzifələrdə azərbaycanlı kadrlar işləmişlər. Onlardan Z.Qurbanovun,  Y.Rzayevin, T.Əmiraslanovun, T.Musayevin, Q.Aslanovun və başqalarının haqqında çox danışardı. Ancaq deyirdi ki,onlar öz fəaliyyətləri dövründə həmişə ermənilər tərəfindən qısqanclıqla qarşılanmış, çoxlu problemlərlə üzləşmişlər.  1951-ci ilin oktyabrında Basarkeçərdən Azərbaycana yenidən ailələrin köçürülməsi məsələsi qalxanda Talıb Musayevin rayon partiya komitəsinin birinci katibi kimi öz kəskin etirazını bildirdiyini və bu köçürülmənin qarşısını aldığını qürur hissi ilə bizə nağıl edirdi. Təəssüflənirdi ki, sonralar T. Musayev vəzifəsindən uzaqlaşdırıldı.
 
Atam danışırdı ki, bir dəfə erməni Hayqaram ilə Yerevana gedəndə həmin adam onu şəhərdəki binaların birinin zirzəmisində yerləşən gizli təşkilati işlər görülən yerə aparıb. O bildirirdi ki, orada divarlarda ermənilərin iddia etdiyi torpaqları özündə əks etdirən müxtəlif xəritələrin asıldığının, ümumiyyətlə, gizli işlər aparıldığının şahidi olmuşdu. Atam deyirdi ki, oradan çıxanda həmin adama öz iradını bildirib. Bu hadisə bir daha sübut edir ki, ermənilər 1988-ci ildə həyata keçirdikləri son deportasiyaya qədər çox-çox əvvəllərdən gizli təşkilatlarda planlar qururmuşlar. 
 
Qeyd etdiyim kimi, Basarkeçər rayonu Kəlbəcərlə yaxın sərhəddə yerləşir. Ona görə Kəlbəcərin yaxın kəndlərinin camaatı bir qayda olaraq öz bazarlıqlarını bizim rayonda edirdilər. Ancaq ermənilər bazarda, mağazalarda onlara ögey münasibət bəsləyirdilər. Onlar  həmişə keyfiyyətli, az tapılan malları öz millətlərinə satırdılar. Onu da deyim ki, bu münasibət təkcə kəlbəcərlilərə deyil, eyni zamanda bizim camaata da elə idi. 
 
Məni həmişə düşündürən və təəssüf hissi ilə xatırladığım bir məsələni də qeyd etmək istəyirəm. Bizim məktəbimiz səkkizillik olduğu üçün təhsilimizi qonşu kənd olan Daşkənddə davam etdirirdik. Böyük bir mərkəzi məktəbdə bizə çox nazik (səhifəsini xatırlamıram) bir “Azərbaycan tarixi” adlı dərslik paylayırdılar. Buraxılış imtahanında biletimizdə  tarix fənnindən üç sual olurdu. Üçüncü sual Azərbaycan tarixindən idi. Ancaq qəribə burasıdır ki, imtahanda o sualı bizdən soruşmurdular. Ən acınacaqlı tərəfi o idi ki, biz uşaq ağlımızla buna sevinirdik. Özümüz də bilməmişik ki, bilərəkdən bizə öz tariximizi unutdurmağa çalışıblar.
 
Ermənilər vaxtaşırı qədim türk torpaqları olan Göyçədə və diğər rayonlarda toponimləri dəyişərək erməni sözləri ilə əvəz edirdilər. 1969-cu ildən Basarkeçəri Vardenis adlandırmışdılar. Sonradan bütün kəndlərin adlarını dəyişmişdilər.
 
Göyçə mahalı,  qədim Azərbaycan torpağı olmasına baxmayaraq, rus imperiyasının havadarlığı ilə erməni daşnakları vaxtaşırı xalqımızı öz doğma torpaqlarından didərgin salmışlar. 1918-1920-ci  illərdə baş verən deportasiya zamanı babam Yunus Abdullayev ailəsi ilə birgə Ağdam rayonuna köçmüş, ancaq torpağından ayrı qala bilmədiyi üçün fürsət düşən kimi yenidən öz el-obasına qayıtmışdır. 
 
Atam Səttar Abdullayev kəndimizin ilk ali təhsil alan ziyalısı olmuş, uzun zaman məktəb direktoru işləmişdir. Müəllimlik fəaliyyəti dövründə yüzlərlə gəncin təhsil almasında böyük rol oynamışdır. 1988-ci ildə azərbaycanlıların son deportasiyası zamanı aşağı kəndlərin camaatı gəlib bizim kənddən Kəlbəcərə keçəndə atam yenə də bu hadisələrə inanmırdı. O, sovet hakimiyyətinin belə bir şeyə yol verəcəyini qəbul etmək istəmirdi. Bu minvalla da kəndimizdən ən son çıxanlardan biri olmuşdu. Amma rəhmətlik atam həmişə bir gün torpaqlarımızın geri alınacağına, Göyçəyə qayıdacağımıza çox inanır, “bunu mən görməsəm də, gün gələcək siz görəcəksiniz”- deyirdi.
 
Şükürlər olsun ki, Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti və qüdrətli ordumuzun sayəsində 30 il həsrətində olduğumuz doğma torpaqlarımız özümüzə qaytarıldı. Hazırda Qarabağımızda quruculuq işləri sürətlə davam edir. 
 
Artıq biz qərbi azərbaycanlıların da öz Göyçəmizə-doğma elimizə qayıtmağımız xəyallardan gerçəyə çevrilməkdədir. Bu, bizi hədsiz dərəcədə sevindirir.
 
Bu günün tezliklə gələcəyinə və  Göyçə həsrətinə son qoyulacağına bütün qəlbimizlə inanırıq.
 
Afaq ABDULLAYEVA, 
Qax şəhər T.İsmayılov adına 5 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi