Qarabağ... Hələ erkən orta əsrlərə aid tarixi qaynaqlarda  rast gəlinən bu toponimin etimologiyasını belə izah edirlər: Azərbaycan türkcəsində (həmçinin başqa türk dillərində) “qara”  rəngdən başqa “sıx”, “qalın”, “böyük”, “əzəmətli” mənalarında da işlənir. “Qara” və “bağ” söz birləşməsi şəklində olan bu söz “böyük bağ”, “böyük yaşıllıq ərazi” mənasını verir. İşğal altında olduğu 30 ilə yaxın bir dövrdə Qarabağın adındakı “qara” sözü bir rəng kimi onun taleyini boyayaraq “Qarabağın qara bəxti”, “Qarabağın qara yazısı”, “Qarabağın qara günləri” epitetlərinə çevrilsə də, qaranın böyük mənası bu məkana daha çox yaraşır: “Qarabağın böyük tarixi”, “Qarabağın böyük mədəniyyəti”,  “Qarabağın böyük şairləri”...
 
Bir də “Qarabağın böyük Zəfəri” və bu zəfərin zirvəsi olan azad Şuşa var. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə Qarabağın 30 ilə yaxın işğalına son qoyub böyük zəfərə imza atan Azərbaycan ordusu Qarabağ xanı İbrahim xanın qızı Ağabəyim ağanın yanıqlı köksündən qopan, vətən həsrətində qovrulanların dilinin əzbəri olan bu sözləri bir daha təsdiqlədi:
 
Mən aşiqəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
 
Bəli, Qarabağ yaddan çıxmadı. Ümummilli Lider Heydər Əliyevin, onun yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti bizi Qarabağa qovuşdurmağa xidmət etdi.
“Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir”, - deyərək siyasi, iqtisadi və hərbi sahədə böyük işlər görən Ulu Öndər Heydər Əliyev bilirdi ki, Azərbaycanın tacı Qarabağı, bu tacın zümrüd qaşı Şuşanı  erməni işğalından azad etmək çox vaxt tələb edir.  Lakin o, bu böyük günün olacağına inanırdı və çıxışlarından birində əminliklə deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu böyük inam, bu sonsuz ümid, nəhayət ki, 2020-ci ildə öz möhtəşəm təsdiqini tapdı.
 
Ümummilli Lider Heydər Əliyevin müdrik, uzaqgörən və çevik daxili və xarici siyasətini özünün siyasi kursu elan etmiş Heydər Əliyevin idarəçilik məktəbinin layiqli davamçısı Prezident İlham Əliyev  qondarma Dağlıq Qarabağ probleminin, ilk növbədə, beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli həllinə çalışdı. Ölkə başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər: “Azərbaycan artıq o ölkədir ki, öz iqtisadi, siyasi, hərbi potensialından istifadə edib, istədiyinə nail olacaqdır... Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına biz heç vaxt icazə verməyəcəyik”. Problem sülh yolu ilə -  beynəlxalq hüquq çərçivəsində həll olunmadıqda  Azərbaycan xalqı özünün təbii, ayrılmaz və konstitusion hüququndan istifadə etdi,  Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ayağa qalxdı, liderinin ətrafında birləşərək “dəmir yumruğ”a çevrildi.
 
Prezident-Xalq-Ordu birliyini bütün dünyaya nümayiş etdirən Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı qəhrəmanlıq salnaməsi yazdı. Beləliklə, Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti istər hərbi, istərsə də diplomatik sahədə  erməni faşizmi üzərində tam və qəti qələbəmiz üçün möhkəm əsas - sarsılmaz təməl, İlham Əliyevin məqsədyönlü siyasəti bu təməl üzərində ucalan zirvə oldu.
 
1988-ci ildən etibarən 30 ildən çox bir müddətdə tarixinə qanlı-qadalı günlər, ağır faciələr yazılan xalqımız 2020-ci ildə nəhayət, qürur dolu şanlı səhifələr yazmağa başladı.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri cəbhə boyu müxtəlif istiqamətlərdə Azərbaycan ərazisinə hücum etdilər. Bu təxribatın qarşısını almaq üçün Ali Baş Komandanımız İlham Əliyev qətiyyətli addım atdı: Azərbaycan Silahlı Qüvvələri “Dəmir yumruq” adlanan əks-hücum əməliyyatına başladı. Azərbaycan televiziyası ilə xalqa müraciəti zamanı: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” - deyən Ali Baş Komandan İlham Əliyevin qətiyyəti xalqın qəlbində bir ümid qığılcımı yaratdı: qələbə bizim olacaq! Hamı düşmən üzərində qələbə çalacağımıza əminliklə: “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” - dedi. Müharibənin ilk günlərindən Xalq-Prezident-Ordu birliyi nümayiş etdirildi. 
Minlərlə Azərbaycan övladı könüllü olaraq cəbhəyə yollanırdı. Şir kimi döyüş meydanına atılan oğullar Azərbaycanın XXI əsr qəhrəmanlıq salnaməsini yazdılar. Doğma, əzəli yurd yerlərimiz erməni işğalından azad olundu.
 
Azərbaycan ordusu Vətən müharibəsinin bütün döyüşlərində, xüsusilə də qeyrət qalamız olan Şuşanın azad edilməsi uğrunda döyüşdə misilsiz qəhrəmanlıq və rəşadət nümayiş etdirərək dünya hərb tarixinə öz imzası ilə yeni səhifələr əlavə etdi.  Bir vaxtlar “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərinin vətəni, Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhərinin  Ermənistan silahlı qüvvələrinin işğalı altında olması Ulu Öndəri çox narahat edirdi. “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”, - söyləyən Ümummilli Lider Heydər Əliyev bu şəhərin Azərbaycan üçün müstəsna əhəmiyyətini, mənəvi dəyərini yüksək qiymətləndirməklə yanaşı, həm də onu azad etməyin hər bir azərbaycanlı üçün şərəf, qeyrət və ləyaqət işi olduğunu vurğulayırdı. Heç təsadüfi deyil ki, 2020-ci il 8 noyabr tarixində Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu - ata vəsiyyətini yerinə yetirmiş Ali Baş Komandanımız - möhtərəm Prezidentimiz İlham Əliyev Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanında öz tarixi çıxışında böyük qürurla xalqa çatdırdı. Öncə Fəxri xiyabanda Ümummilli Liderimiz Heydər Əliyevin məzarını ziyarət etdiyini bildirən Ali Baş Komandanımızın: “Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün. Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” - sözləri ilə xalqa müjdə verməsi, daha sonra “dəmir yumruğ”unu qaldıraraq: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” - deyərək kövrəlməsi necə də qürurverici idi!..  
 
Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edildiyi tarixi ölkəmizdə Zəfər Günü elan etdi.
 
Qələbədən sonrakı dövrdə -  yanvarın 14-də Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdıqdan sonra hərbçilərlə görüşdə  çıxış edərkən demişdi: “Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib”. 
 
Bir il sonra Şuşada keçirilən qələbə təntənəsində isə dövlətimizin başçısı bildirdi: “Bu gün biz Zəfər Gününü Şuşada, Cıdır düzündə qeyd edirik. Bütün Azərbaycan bu şanlı bayramı qeyd edir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi”. 
 
İndi Şuşa başdan-başa quruculuq meydanına çevrilib. Şəhərdə bir-birindən maraqlı yerli və beynəlxalq səviyyəli tədbirlər keçirilməkdədir. 
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa ili” elan edilməsi də əlamətdar hadisə oldu. Bu münasibətlə ölkəmizdə, eləcə də mədəniyyət paytaxtımız Şuşada silsilə tədbirlər təşkil edilib. 
 
Şuşada keçirilən tədbirlərdən biri də Azərbaycan vokal məktəbinin banisi, dahi Bülbülün anadan olmasının 125 illiyinə həsr olunan Vokalçıların Bülbül adına VIII Beynəlxalq müsabiqəsi olub. 
 
İlk dəfə 1989-cu ildə keçirilmiş “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı Vətən müharibəsində qazanılmış parlaq zəfərdən sonra - 2021-ci ilin 12-13 may tarixlərində Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən təşkil olundu. Festivalın açılış mərasimində dövlət başçısı “Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” musiqi festivalı Şuşada hər il keçiriləcək”, - demişdi. 2024-cü il mayın 11-də “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” açılış mərasiminin keçirilməsi, möhtərəm Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın festivalın açılışında iştirak etməsi verilən hər bir sözün yüksək səviyyədə həyata keçirilməsinin bariz sübutudur.
 
Mənim üçün isə Şuşa arzularımın ünvanıdır. Əhd eləmişəm ki, azad Şuşaya nəvəm Kəmalə ilə gedim. Onunla birlikdə Şuşanın qədim məhəllələrində addımlayım. Bu şəhərin qədim tarixi abidələrini- körpülərini, meydanlarını, Qarabağ xanlığının Divan kompleksini, Xurşidbanu Natəvanın sarayını, Bülbülün ev-muzeyini, Molla Pənah Vaqifin məqbərəsini ziyarət edərək onun tarixi, mədəniyyəti, ədəbiyyat və incəsənət xadimləri haqqında balaca nəvəmə məlumat verim. Ona deyişmə meydanında kişilərə meydan oxuyan Aşıq Pəridən, İran səltənətində Qarabağ həsrəti, “Vətən bağı”nda Xarıbülbül görmək arzusu ilə yaşayan Ağabəyim ağadan, öz yüksək savadı, intellekti və mədəniyyəti ilə fransız yazıçısı Aleksandr Dümanı heyran edən Xan qızı Xurşidbanu Natəvandan danışım. Neçə-neçə tarixi hadisənin, eləcə də möhtəşəm zəfərimizin şahidi olan məğrur Qala divarlarının qarşısında dayanıb üçrəngli bayrağımızı başımızın üstünə qaldıraraq şəkil çəkdirək. Topxana meşəsini,  İsa bulağını, Turşsu yaylağını əl-ələ gəzək, Cıdır düzündə birlikdə “Qarabağ Azərbaycandır!” - deyək. Və nəhayət, bu doğma şəhərə sevgimizi diz çöküb torpağını öpməklə bildirək!
 
Kəmalə ƏLİYEVA,
Bakı şəhəri 234 nömrəli tam orta 
məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, Əməkdar müəllim