Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) kimya və biologiya fakültəsinin "Kimya müəllimliyi" ixtisasının 2004-cü il məzunları ilə 20 il sonra görüş keçirilib.
 
Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə xəbər verilib. Bildirilib ki, fakültənin Yusif Məmmədəliyev adına auditoriyasında keçirilən görüşdə giriş sözü ilə çıxış edən Tədris departamentinin Məzun koordinasiya və karyera şöbəsinin müdiri Könül Əsgərova məzunları salamlayıb, onların 20 ildən sonra doğma universitetlərində görüşmələrinin rəmzi mənasına diqqət çəkib.
 
Sonra "Kimya müəllimliyi" ixtisasının IV tədris ili tələbələri məzunları çıxış edərək, interaktiv müzakirə üçün müxtəlif yanaşmalar nümayiş etdirmiş, sonda isə müəllim andı içərək, estafeti ələ almışlar.
 
Çıxış edən 20 ilin məzunları öz təəssüratlarını bölüşmüş, müəllimləri və tələbə yoldaşlarına ürək sözlərini çatdırmışlar.
 
Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva, dekan müavini dosent Kərim Quliyev, analitik kimya və üzvi kimya kafedrasının müdiri professor Əli Zalov da ürək sözlərini bildirərək məzunlara bundan sonrakı fəaliyyətlərində də uğurlar diləmişlər.