Bakıda SABAH.HUB İnnovasiya Mərkəzinin dəstəyi ilə yaradılan Azərbaycanın və regionun əsas startap innovasiya tədbiri olan “Baku ID” innovasiya festivalı keçirilir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, festivalda elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov və digər rəsmilər iştirak edir.
 
“Bakı Kristal Zal”da baş tutan builki “Baku ID” tədbirində 200-dən artıq yerli və xarici investor, 100-dən artıq xarici və yerli startap, 5000 iştirakçı və 50-dən artıq tərəfdaş yer alıb.
 
Tədbir çərçivəsində Süni İntellekt üzrə panel sessiyası təşkil olunacaq. Bundan başqa, qurumun icraçı direktoru Fariz Cəfərov “Emissiyanın sıfıra enməsində startapların artan rolu” panelində spiker qismində çıxış edəcək.
 
Festival çərçivəsində 4SİM stendində mərkəzin fəaliyyəti ilə tanış olmaq, həmçinin “4Sİ Akademiyası” çərçivəsində Coursera platformasında təklif olunan kurslardan ödənişsiz yararlanmaq üçün kuponlar qazanmaq mümkün olacaq.
 
“Baku ID” çərçivəsində SABAH Hub və 4SİM arasında ölkədə rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində yerli startap ekosisteminin inkişafına dəstək göstərilməsi və bu sahədə əməkdaşlıqla bağlı ikitərəfli Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulub.
 
Festivalın startap müsabiqəsində iştirak edən startaplar 1 milyon ABŞ dolları dəyəri olan investisiya fondundan yararlana bilərlər. Lakin bu məbləğ digər partnyorların dəstəliyi ilə artmağa davam edir. 
 
Bu, həmçinin ölkə tarixində bir innovasiya tədbirində verilən ən böyük həcmli mükafat fondudur. Bununla da “Baku ID” ekosistemin inkişafı üçün bir çox ilklərə imza atır. Startaplar üçün fürsətlər bununla da yekunlaşmır. Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi ilə tədbir zamanı startaplar "Startup Battle" konsepsiyası çərçivəsində mübarizə apararaq 15.000 AZN qrant mükafatının sahibi ola bilərlər.
 
Ümumilikdə isə startaplar 1.7 milyon AZN-dən çox investisiya alacaq.
 
Tədbirdə Ayumi Moore AOKİ, Roman Levrentev, Dana Al Salem kimi şəxslərin və “Google”, “Sandbox”, “Hungri Games”, “HepsiBurada Global” kimi şirkətlərin iştirakı nəzərdə tutulub. Onların çıxışları və təqdimatları startapların ilham alması və öz layihələrini inkişaf etdirməsi üçün böyük bir motivasiya olacaq.
 
İştirakçıları həmçinin qlobal texnologiya şirkətlərindən olan spikerlərin çıxışları, müxtəlif panel sessiyaları, region strataplarının təqdimat çıxışları, netvorkinq və digər maraqlı fəaliyyətlər gözləyir.
 
Qeyd edək ki, “Baku ID”nin baş sponsorları Elm və Təhsil Nazirliyi, SOCAR, PAŞA Holding, ABB və Mappable, tərəfdaşlar isə 4SİM və IDDA-dır.