İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin 56 yaşlı tələbəsi Nübar Əzizova bir ildir əlinə kirkid alıb, həvə vurur, artıq xalçaları müsabiqələrdə qalib olur


Nübar Əzizova Ağdam rayonunda böyüyüb, amma taleyin oyunu həyatını İsmayıllıya bağlamaq məcburiyyətində qoyub onu. Ağdam həsrəti ürəyində, Ağdamı görmək arzusu xəyallarında, Ağdamın rəsmi gözlərində yaşayıb. Yurd-yuvasına, sevgisini Ağdamı naxışa çevirib xalçaya vurur. Hekayəmizin budəfəki qəhrəmanı 56 yaşlı tələbə Nübar Əzizovadır. İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində təhsil alır. Artıq 2 illik xalçaçı qrupunda I kursu uğurla başa vurub, II kurs tələbəsi oldu.
 
Ağdam yurd ikən həsrətə çevrildi...
 
Nübar Əzizova 25 yaşına qədər Ağdamda yaşayıb. Günlərin birində onun yurdu işğal olunmuş ərazi, özü isə məcburi köçkünə çevrilib. Bu ağrı üstündəykən yaşadığı illər Ağdam sakini olduğu illərdən uzun çəkib.
 
Uzun oldu olmağına, amma bitdi. Yaxşı ki, ona da Ağdamı qara, tünd ilmələrlə yox, parlaq rənglərlə toxumaq nəsib oldu...
 
Xalçaçılıq arzusu
 
Nübar xanım deyir ki, xalçaçılıq arzusu ta Ağdamdan ürəyində məskən salıb: “İsmayıllıya köçdükdən sonra burada ailə qurdum. Həyat yoldaşım Birinci Qarabağ müharibəsi qazisi, I qrup əlildir. 3 övladım var. Hər birini yerbəyer elədim. İkinci qızım da İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Dərzilik” ixtisası üzrə təhsil alıb. Amma onun oxuduğu illərdə oxumağı düşünmədim heç. Çünki həmin vaxt əsas məqsədim uşaqlarım idi. Amma artıq özümü düşünə bilərəm”.
 
Oxumaq istəyənə yaşın nə fərqi var?!
 
Uşaqların hamısı təhsilini bitirib, iş-güc sahibi olandan sonra Nübar xanım ürəyindəkiləri dilə gətirməyə başlayıb: “Özümü düşünmək imkanı qazananda oxumaq yaşında deyiləm”, - dedim. Amma öyrəndim ki, hələ də İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində təhsil ala bilərəm, burada təhsil almaq üçün yaş məhdudiyyəti yoxdur. Mən də bu yaşdan sonra xalçaçı olmaq arzumu reallaşdırmağa qərar verdim”.
 
Arzusu çox güclü idi. İlk ilməni vurmağı məhz İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində öyrənib: “Qrupda 15 nəfərik. Hər yaşda tələbə var. Ən kiçiyimiz 16 yaşında oğlandır. Zamiq Zeynalov daha çox mexaniklik edib xalçanı qaldırıb-endirməyə, açmağa-bərkitməyə kömək edir bizə. Amma xalça toxumağı da yaxşı öyrənir”.
 
Azad Qarabağı ilmələrə düzür
 
Qrupun məhsuldarlarından biridir Nübar Əzizova. Bir ildir əlinə kirkid alıb, həvə vurur, artıq xalçaları müsabiqələrdə qalib olur, bazara çıxıb alıcı “görür”.
 
Bundan sonrakı planları da bəllidir. İşğaldan azad olunan bütün Azərbaycan ərazisini ilmələrə düzəcək: “Azad olunan torpaqlarımıza aid xalçalar toxudum. “Şuşa” xalçamız peşə təhsil müəssisələri arasında keçirilən yarışda birinci oldu. İndi güldanda Qarabağ çiçəklərini toxuyuram”.
 
Nənə-nənə, can nənə…
 
“Ən böyük arzumdur Ağdamı görmək”, - deyir ağdamlı xalçaçı qız. O həm də nənədir. “2 nəvəm var, onlardan birinin adını toxumuşam, indi ikincisinin adını toxuyuram”.
 
 
Xalçaçılığa maraq çox böyükdür
 
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cəlil Bağırov “Azərbaycan müəllimi”qəzetinə müsahibəsində deyib ki, Nübar Əzizova çox məhsuldar tələbələrdəndir: “Bu tədris ilində ilk dəfə ilməni bizim mərkəzdə vurub, amma artıq 12 xalça təhvil verib. Tədris ili ərzində bir gün belə dərs buraxmayıb, qışın şaxtasına, soyuğuna baxmadan hər gün dərslərdə iştirak edib. Mərkəzimizin sevilən tələbələrindən biridir”.
 
C.Bağırovun sözlərinə görə, xalçaçı qrupun ili çox məhsuldar olub: “Bu il 40 xalça təhvil veriblər, onun 34-ü Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalında satılıb. Biz bu Festivalda Qarabağ xalçaları ilə təmsil olunurduq”.
 
C.Bağırovun sözlərinə görə, Mərkəzin xalçaçılıq ixtisasına maraq çox böyükdür. Növbəti tədris ilindən 1 illik xalça qrupu üçün 20 nəfər qəbul planlaşdırılır.
 
Qeyd edək ki, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində 4 profil - kənd təsərrüfatı, sənaye, turizm, informasiya texnologiyaları üzrə təhsil verilir.
 
Bu il 12 qrup - aşpaz, dayə, aqroservis, arıçılıq, qrafik dizayner, geyim üzrə dizayner, turizm təşkilatçısı, informasiya texnologiyaları üzrə texniki dəstək, elektrik qaz qaynağı ixtisasları üzrə 140 nəfər məzun olur.
 
 
Ruhiyyə DAŞSALAHLI