Təhsil İnstitutunun (ARTİ) tərəfindən keçirilən metodist seçimi prosesinin müsahibə mərhələsi davam edir.
 

"Azərbaycan müəllimi" xəbər verir ki, ümumi təhsil müəssisələrində metodist seçimi ilə əlaqədar Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən təşkil edilən “Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsi keçirilir. Artıq müsahibənin növbəti mərhələsinə keçid edilib.
 
Növbəti mərhələdə riyaziyyat və xarici dil müəllimləri müsahibəyə dəvət olunublar. Bakı şəhəri və regionlar üzrə 277 müəllimin müsahibədə iştirakı nəzərdə tutulub. Əyani və onlayn olaraq keçirilən müsahibələrdə namizədlər əvvəlcədən müəyyənləşdirilmiş meyarlar, yəni özünü təqdimetmə, dərsin planlaşdırılması, metodiki və pedaqoji savadlılıq, liderlik, problem həlletmə, əməkdaşlıq və ünsiyyət bacarıqları əsasında dəyərləndirilir.
 
“Müasir metodist” müsabiqəsinin növbəti mərhələsi metodistlərin hazırlanması məqsədilə təlimlərin təşkil edilməsidir.
 
Qeyd edək ki, metodist hazırlığına dair təlimlərin 2024-cü ilin iyul ayından etibarən başlanılması nəzərdə tutulur.