“Forum universitetlərin iqlim fəaliyyətlərində iştirakını müəyyənləşdirmək baxımından olduqca əhəmiyyətlidir”.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Times Education”ın qlobal məsələlər üzrə baş mütəxəssisi Fil Bati deyib.
 
O qeyd edib ki, forum universitetləri COP29-un gündəliyinin mərkəzinə gətirmək üçün də vacibdir: “Təhsil, təlim, tədqiqat və innovasiya xalis sıfıra çatmaq və effektiv iqlim tədbirləri görmək üçün mühüm tərkib hissələrdəndir. Biz nazirliklə söhbətimizdə universitetlərə dəstək olmaq üçün əməkdaşlıq təkliflərindən, tədqiqatların effektivliyini təkmilləşdirməkdən danışdıq. Bu əməkdaşlıqla Azərbaycanın təhsil və tədqiqat sistemini və onların sosial-iqtisadi imkanlarını gücləndirəcəyik”.
 
F.Bati bildirib ki, bundan əvvəlki reytinq cədvəllərində Azərbaycan universitetlərinin qlobal miqyasda irəliləyişlərini görməkdən məmnunuq: “Oktyabr ayında dərc ediləcək dünya universitetlərinin reytinqlərində və qabaqcıl tədqiqat reytinqlərində Azərbaycandan iştirakın ikiqat artacağını görəcəyik. Bu, daha çox məlumat paylaşmaq və öz universitetlərimizi dünyanın ən yaxşı universitetləri ilə müqayisə etmək, bu yolla təkmilləşdirmək üçün əla fürsətdir”.
 
Günel ABBAS