Qayalar qaladır,

Qalalar - qaya,

Bu yerlər tarixin daş səhifəsi,

Binalar ucadan baxar dünyaya,

Hər evin daşında bir əsrin səsi

 

Azərbaycan ədəbiyyatı hər daşı, hər qayası tarix olan Şuşa haqqında yazılmış istər elmi-tarixi, istərsə də bədii əsərlərlə zəngindir. Bu əsərlərdə Şuşanın yaranma tarixi, onun inkişafı, misilsiz gözəlliyinin vəsfi, eləcə də müxtəlif illərdə işğalçıların hücumlarına məruz qalması və s. məsələlər əksini tapmışdır. Nümunə olaraq gətirilən bu şeir parçasında əsrlərin daş yaddaşında yaşayıb bina-bina ucalıb qalalaşan qədim yurd yerimizin əzəmətli görkəmi əksini tapmışdır.

 

Şuşa şəhərinin yaranma tarixi Mirzə Yusif Qarabağinin “Tarixi-Safi” əsərində: “...1166 (1752)-cı ildə Pənah xan xoş bir gündə Şuşa şəhərinin təməlini qoydu.... Şəhər cənub-qərbdən, şimal-şərqdən, həmçinin qərb və cənub tərəfdən piyada və qeyriləri üçün gediş-gəliş mümkün olmayan möhkəm hasar və təbii sıldırım qayalarla əhatə olunmuşdur” şəklində dəqiqliyi ilə verilmişdir.

 

Bu tarixi gerçəklik bədii sözün qüdrəti ilə dəfələrlə canlandırılmış və onun maddi-mənəvi dünyamızda nə dərəcədə tarixi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılmışdır. Həmin tarixi fakt Azərbaycanın maarifpərvər şairi Həsənəli Qaradağinin “Qarabağın şəhəri” şeirində belə təsvir edilib:

 

Bu şəhərin hüdudu şərq tərəf Şüşü çayı,

Var, belə qərb tərəf Sarıbaba yer deyilər,

Cənubu yenə Şüşü, bir də Daşaltı çayıdır,

Şimali Xəlfəli çay, belə olub sərhədlər.

 

Araşdırma göstərir ki, yalnız coğrafi mövqeyi deyil, onun bütün məhəllələri, memarlıq abidələri, can dərmanı olan sərin bulaqları görkəmli şair və yazıçılarımızın qələmi ilə geniş oxucu kütləsi üçün doğmalaşdırılmışdır. 

 

Məsələn, 1871-ci ildə  Xan qızı Natəvanın öz vəsaiti hesabına Şuşada yerləşən Xəlfəli dağından saxsı borularla şəhərə su çəkildi və iki böyük bulaq tikildi: “Xan qızı” və “Şor bulaq”. “Xan qızı” bulağının çəkilişi barədə İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesində də (1978) Natəvanın dilindən deyilir: “Xurşidbanu. Tapşır, Şuşaya çəkdirdiyimiz bulağın mühəndisi Əbdürrəhim Talıbzadəni nahardan sonra mənim yanıma çağırsınlar.

 

Həmçinin əsərdə Knyaz Xasayın “Peterburqun, Parisin salonları üzümüzə açıq olduğu halda, axı, biz nə üçün (Qalanı Şuşanı-B.İ.) kəsdirib oturmuşuq” sualına cavab olaraq Xurşidbanu belə cavab verir: “Mən bu bulağı onlar üçün tikdirmişəm. Mən o bulağı qışın çovğununda yeddi-səkkiz kilometr piyada yol gedib, meşədən şirin su gətirən  zəhmətkeş əhali üçün çəkdirmişəm”.

 

Görkəmli şair Xəlil Rza Ulutürkün “Şuşa səfəri” poemasında İsa bulağı, Qoşabulaq, Aydın bulağı, Bəylər bulağı, Buz bulaq, Səkili bulaq, Çömçə bulağı, Damcı bulağı, Bədəl bulağı, Dambulağı, Lilpər bulağı, Novlu bulaq, Şırşır bulağı, Armud bulağı, Hacı bulağı, Dərə bulağını “Şuşanın dirilik çeşməsi” adlandıraraq fikrini belə ümumiləşdirir:

 

Biri daşdan çıxır, biri qayadan,

Hamısı ilgili, canbir, əlbirdir.

Üzdən ayrısa da, yerin altında,

Bütün bulaqların kökləri birdir.

 

Eləcə də Ramiz Məmmədzadənin “Qarabağım”, İsa Əvəzoğlunun “Şuşamızın zinətidir” şeirlərində Şuşa bulaqları böyük sevgi ilə vəsf edilir.

 

“Şah bulaq”dan içək bu gün,

“Çay bağça”dan keçək bu gün,

Dincəlməyi seçək bu gün

“Xan bağı”nı Qarabağın.

 

***

 

Sarıbaba- cənnət yeri,

Turşsu suyu can kövsəri,

İsa bulaq - nazlı pəri

Şuşamızın şöhrətidir.

 

Ədəbi əsərlərdə Şuşanın bu gün tarixi abidəyə çevrilən Qızıllı qaya, Qara qaya, Göy qaya, Ala qaya, Xəlfəli dərəsi, Mıxtökən dərə, Yusifcan gədiyi, Şimşəkvuran daş, Şuşa yaylası, Şotlanlı yaylağı, Keçili dağı, İsmayıl binəsi, Bəylər binəsi, Cıdır düzü böyük sevgi ilə vəsf olunmuşdur.

 

Xalq şairi Səməd Vurğun  “Qız qayası” şeirində Qarabağın səfalı guşələrindən İsa bulağı, Cıdır düzü, Çanaqqalanın gözəlliklərindən bəhs edir, Qız qayasına qalxaraq onun haqqında əfsanəni belə başlayır:

 

Çıxmışam dağların göy yaxasına,

Doyunca baxmışam Qız qayasına.

Orda saqqalına yaş dama-dama,

Əfsanə söyləmiş bir qoca mənə...

 

Şuşanın tarixi yerlərindən sayılan Cıdır düzü, Topxana meşəsi, Xəzinə qayası kimi tarixi yerlər poeziyamızda daha çox vəsf edilmişdir. Məsələn:

 

Topxanadan baxıram mən dünyaya,

Başım üstdə Cıdır düzü? bayrağım.

Bir örnəkdir bu gün Vətən dünyaya,

Sən dönməzsən, əyilməzsən torpağım.

 

Şuşa yalnız gözəlliklər, möhtəşəm abidələr yurdu deyil, həm də keşməkeşli tariximizin qanlı hadisələrinin şahidi olmuşdur. Xüsusilə 1905-ci ilin 16 avqust və 1906-cı ilin 12 iyulunda ermənilər tərəfindən törədilmiş faciələr C.Cabbarlının “1905-ci il” pyesində, M.S.Ordubadinin “Qanlı sənələr” əsərinin “Ağrılı Şuşa hadisələri. Yaxud avamlıq bəlası”, “İkinci Şuşa faciəsi. Yaxud Qalaşçapovun hiyləsi” bölmələrində, Məhəmməd şah Qacarın Qarabağa hücumu Y.V.Çəmənzəminlinin “Qan içində”, S.Vurğunun “Vaqif” pyesində, çar Rusiyası qoşunlarının Azərbaycana, o cümlədən Şuşaya gəlməsi İ.Əfəndiyevin “Hökmdar və qızı” pyesində əksini tapmışdır.

 

“Şəhərlilər dəstə-dəstə Cıdır düzünə toplanıb, oradan Topxananı başdan-başa tutmuş şah çadırlarına tamaşa edirdilər. Bəzən sakitlik olur, iki tərəf də dincəlməyə və ya yeməyə dalırdı. Bir də görürdün, top atışmaları başlandı, barıt tüstüsü ətrafı bürüdü. Bu atışmadan, təbii idi ki, heç bir nəticə çıxmayırdı. Topxana ilə şəhərin arasında dərin bir uçurum var idi, bunun da dibindən Daşaltı çayı axırdı. Oranı keçmək qətiyyən mümkün deyildi. Keçilsəydi belə sıldırım qayaları, şəhər barı və bürclərini almaq mümkün olan şeylərdən deyildi: on beş min igid gecə-gündüz şəhərin keşiyini çəkirdi.

 

Qala ilə Topxananın arasındakı keçidin ən dar yeri Xəzinə qayasının önü idi. Ağaməmməd şah bura plan tökdürüb, keçmək niyyətinə düşdüsə də, bir nəticə çıxmayacağını anlayıb vaz keçdi. Nəhayət, o acığa düşüb, İbrahim xanın yanına qasid vasitəsilə bir məktub göndərdi. Qasidin gözlərini bağlayıb, saraya gətirdilər. Məktubda yazılmışdı: “Fələyin mancanağı fitnə daşını sənin üstünə yağdırır, Sən də axmaqcasına şişənin [Şişə qalasının] içində gizlənmisən”.... Vaqif  məktubu alıb, bir də gözdən keçirdi, sonra arxasına yazdı: “Məni qoruyub saxlayan mən tanıdığımdırsa, inanıram ki, o, Şişəni daşın içində də qoruyar”.

 

Tarix təkrar olunur. 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğal olunması ədəbiyyatımızda yeni bir səhifə açdı: “Şuşa işğal dövründə”. 28 ili əhatə edən həmin dövrdə qəlbi vətən eşqi ilə döyünən sənətkarlarımız bu nisgili, ağrı-acını əks etdirən yüzlərlə əsər yazdı. Bəxtiyar Vahabzadənin “Oxuma, bülbül”, Cabir Novruzun “Şuşanın dağları başı dumanlı”, İlyas Tapdığın “Şuşa oratoriyası”, Günel Anarqızının “Şuşam”, Zemfira Məhərrəmlinin “Sevgimi neylədin Daşaltı dərəsi”, Pərvin Nurəliyevanın “Çarəsiz yalan”, Nüşabə Məmmədlinin “Zəngulə”, Ələmdar Quluzadənin “Bu qala bizim qala” əsərləri belələrindəndir. Demək olar ki, hər bir əsərdə Şuşanın tarixi yerləri xatırlanır, tarixi abidələrinin adı çəkilir.

 

Bu bahar oxuma, bülbül, sən Allah!

Zülmətdir,

Yoluna şam tutanın yox,

Şuşan ağlar qaldı, köçdü el-oba,

Şirin cəh-cəhinə dəm tutanın yox

 

***

 

Top atılar “Topxana”dan

“Daşaltı”da daşlar partlar,...

Şuşam geri alınmasa.

 

***

 

...Gülləbaran olub neçə min arzu,

Donub “Xan qızı”nın bulağında su.

 

***

 

Bu da “İsa bulağı”dır...ilahi,

Çırpır ayna sinəsini daşlara...

Nədir suçu, nədir axı, günahı,

Qurumayır gözlərinin yaşları...

 

***

 

“Qırxqız yaylağı”mız,

Cıdır düzümüz ağlar.

Şuşa bülbül haraylar,

Şuşa Qədir soraqlar....

Şuşa gözləyir bizi!

***

 

“Səkili”, “Alçalı”, “Damcı”, “Palçıqlı”,

“Novlu”, “Dərəbulaq”, “Şırşır”, “Çarıqlı”.

Sıx meşə içində lap yaraşıqlı,

Gur İsa bulağı yadıma düşdü.

 

Bu əsərlərdə həsrətlə yanaşı, ümid də var. Hər kəs Şuşanın  düşmən caynağından azad olunacağına inanır:

 

Oğulların nərə çəkər!

Düşmənini qırar, tökər!

Yağıların bağrın sökər!

Azad olar lap tez Şuşam!

Ulu yurdum, ulu Şuşam!

 

***

 

Gələcək tez bir zaman,

Çəkiləcək çən, duman.

Sancılacaq Şuşada

Zəfər bayrağım mənim,

Ay Qarabağım mənim!

 

***

 

Vətən məhəbbəti, qoy bilsin hamı,

Ürəkdə sönməyən bir gur ocaqdır,

Bütün yurdumuzun zəfər bayramı,

Şuşadan, Şuşadan başlayacaqdır.

 

Həqiqətən də, Azərbaycan tarixinə 8 noyabr Zəfər Günü Şuşanın adı ilə yazıldı. Müzəffər Ordunun Ali Baş Komandanı Prezident İlham Əliyevin  2020-ci ilin  8 noyabrında böyük sevinc, qürur hissi ilə söylədiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” xəbəri 28 illik Şuşa həsrətinə son qoydu. Bu bənzərsiz hiss və duyğular milli qürurumuzun poeziyamızda təntənəsinə çevrildi:

 

Anam Şuşa, nəhayət, ayrılıq sona çatdı,

Gözlərindən öpməyə-görüşməyə gəlmişəm!

“Dəmir yumruq”sahibi Ali Baş Komandanla,

Qəhrəmanlıq tarixin yazan ər oğullarla,

Canını səndən ötrü verən Şəhidlərinlə,

Düşmənin qabağında əyilməz Qazilərlə,

Duyğumu, sevincimi bölüşməyə gəlmişəm!

 

44 günlük Qarabağ müharibəsində dövlətlə xalqımızın birliyi, qəhrəman oğullarımızın şücaəti, vətənpərvərliyi yeni yaranan ədəbi əsərlərin leytmotivinə çevrildi. Əlbəttə, Şuşanın azadlığına gedən yol Qarabağımızın dilbər guşələrindən: Tərtər, Xankəndi, Ağdam, Füzuli, Ağdərə, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Xocalı, Xocavənddən keçir.

 

Erməni vandalizmi tərəfindən məhv edilmiş, talanmış Qarabağın, o cümlədən Şuşanın tarixi abidələri bu gün dövlətimiz tərəfindən bərpa olunmaqdadır. Artıq Şuşada Yuxarı Gövhər ağa məscidindən azan səsləri eşidilir, hər il Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirilir, yurdlarından didərgin düşmüş insanlar öz doğma elinə, obasına qayıdır. İndi söz ustadlarımız “Şuşaya Qayıdış dövrü” ilə bağlı ədəbiyyatımıza öz yeni töhfələrini verirlər ki, bu, artıq Şuşamızın yeni həyatının bədii inikası ilə bağlıdır.

 

Bibixanım İBADOVA,

ARTİ-nin şöbə müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim