Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
 
Konfransın əsas mövzuları iqlim dəyişikliklərinin elmi və praktik aspektlərinə həsr olunub. Konfransda iqlim fəaliyyəti sahəsində böyük irəliləyişlər əldə etmək üçün empirik məlumatların, süni intellekt və qabaqcıl analitik vasitələrin əhəmiyyəti, iqlim dəyişikliyinin transsərhəd su ehtiyatlarının idarə olunmasına təsiri, bu istiqamətdə yeni yanaşmalar və beynəlxalq əməkdaşlıq mexanizmləri, eləcə də beynəlxalq səviyyədə ortaq təşəbbüslərin sinerjisi, müvafiq zəruri qlobal və regional əməkdaşlıq imkanları müzakirə edilib.
 
Konfransın açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, dünyanın müxtəlif ölkələrinin nüfuzlu alim, tədqiqatçı, siyasətçi və ekoloqlarının bir araya gəldiyi bu konfrans dövrümüzün ən aktual problemlərindən biri olan iqlim dəyişmələri ilə mübarizə istiqamətində səmərəli multidissiplinar platforma olacaq. Bir əsrdən çoxdur ki, Azərbaycanda elm və təhsilin flaqmanı olan BDU-da iqlim dəyişmələri və bu dəyişmələrdən irəli gələn təhlükələrin gənc nəslə çatdırılması, bu ağır problemin həlli yollarının işlənilib hazırlanması istiqamətində elmi əsaslara söykənən mühüm işlər görülüb. Belə tədqiqatlar bu gün də davam etdirilir: “Bu konfransda paylaşılacaq təcrübələr, biliklər, ideyalar və qurulacaq əməkdaşlıqların iqlim dəyişmələrinə qarşı qlobal mübarizəyə böyük töhfə verəcəyinə inanırıq. Noyabr ayında Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edəcək. Bu tarixi hadisə ölkəmizin iqlim dəyişmələrinə qarşı mübarizə ilə bağlı qlobal səylərin mərkəzində yer alacağına imkan verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. İlham Əliyevin COP29-un təşkil olunması üçün xüsusi sərəncamı müxtəlif sahələr üzrə əlaqəli fəaliyyətlərin təşkil olunmasını özündə ehtiva edir və Azərbaycanın milli, beynəlxalq səviyyədə iqlim dəyişmələri və ekoloji problemlərin qlobal səviyyədə həllində dünya ölkələri ilə həmrəy olduğunu göstərir. Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsini daima yaşatmalı, öyrənməliyik. Məhz Ulu Öndər Heydər Əliyevin siyasəti ilə Azərbaycanın dinamik inkişafı və qlobal problemlərdə, o cümlədən də ətraf mühitin mühafizəsi və iqlim dəyişmələri məsələlərində fəal iştirakının təməli qoyulub. Təkcə onu qeyd etmək kifayətdir ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Abşeron yarımadasının bir vaxtlar səhralaşan əraziləri yaşıllaşdırılıb və yaşayış üçün gözəl məkana çevrilib”.  
 
BDU-nun rektoru bildirib ki, iqlim dəyişmələri artıq uzaq təhlükə kimi görünmür, ekosistemləri, iqtisadiyyatları və icmaları böhrana aparır: “Unutmamalıyıq ki, artan temperatur, ekstremal hava şəraitləri, dəniz səviyyəsinin qalxması və ya enməsi, dəyişən ekosistemlər bu və ya digər formada məhz bizim – insanların “əməllərinin” nəticələridir. Buna görə də konfransların və digər elmi tədbirlərin davamlı olaraq təşkil olunması çox vacibdir. Belə tədbirlər müxtəlif sahələri təmsil edən alimləri, ictimai-siyasi xadimləri bir araya gətirir, məsələlərin həlli yolları üzərində işləməyə imkan yaradır. COP29 ərəfəsində keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi, o cümlədən Bakı İqlimşünaslıq Konfransında aparılacaq müzakirələr COP29-dakı səylərə birbaşa təsir göstərəcək. İqlim dəyişmələri ilə mübarizədə qlobal siyasəti və fəaliyyətləri formalaşdırmağa kömək edəcək. Konfransın iqlim dəyişmələri üzrə birgə fəaliyyət planlarını müəyyən edəcəyinə, problemlərin həlli istiqamətində konkret nəticələr əldə etməyə imkan verəcək beynəlxalq şəbəkələr və əməkdaşlıqlar qurmaq üçün ən yaxşı platforma olacağına əminəm”. 
 
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizəyə qlobal töhfə verir. Ölkədə bərpa olunan enerji mənbələri, karbon emissiyasının azaldılması ilə bağlı həyata keçirilən işlər buna əyani misal ola bilər. Ziyafət Əsgərov qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin qlobal iqlim siyasətində aparıcı rola malik olduğunun göstəricisidir.
 
“İqlim dəyişikliklərinin qarşısının alınması baxımından təhsil ən mühüm alətlərdən biridir. Çünki təhsil insanları öyrətməyə, ətraf mühitə münasibəti dəyişdirməyə, davranışların dəyişdirilməsinə yardım edən alətlərdən biridir. Ona görə də çalışmalıyıq ki, gənclərimiz iqlim dəyişiklikləri ilə bağlı məlumatlı olsunlar, onun səbəblərini araşdırsınlar, mənfi təsirlərinin aradan qaldırılması ilə bağlı müvafiq biliklər öyrədək”.
Bunu elm və təhsil nazirinin müavini İdris İsayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi konfransında çıxışı zamanı deyib ki, 2024-2025-ci tədris ilində ekoloji ixtisaslar üzrə ali təhsil müəssisəıərinə qəbul olunanların sayı artıb.
 
Onun sözlərinə görə, 2024-2025-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul olunanlar 73 mindən yuxarıdır. 2020-ci ilə nisbətən 42 faiz artıb. Bakalavr səviyyəsi üzrə 36, magistratura səviyyəsi üzrə isə 70 faizə yaxındır. Magistratura səviyyəsində tələbələrimizə biz ilk elmi ixtisas dərəcəsi veririk.
Təhsil proqramları və ixtisaslarda da bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. 
 
İqlim dəyişiklikləri ilə bağlı ixtisaslarda – ekologiya mühəndisliyi, su ehtiyatları, meşəçilik, bitki mühafizəsi və bu kimi ixtisaslara qəbulda artım var. 
2024-2025-ci tədris ili üzrə bu qəbildən ixtisaslara qəbul bakalavr səviyyəsi üzrə 31, magistratura səviyyəsi üzrə 61 faiz artıb.
Təhsil proqramlarında da müvafiq dəyişikliklər edilməlidir. Hazırda bu proses gedir. İstəyiriksə, gənclərimizin iqlim savadlılığı artsın onlara yaşıl bacarıqlar aşılamalıyıq. 
Yaşıl bacarıqlar iqlim dəyişikliklərindən irəli gələn problemlərlə mübarizədə əlverişli bilik bacarıq və səriştələr sistemidir. Yaşıl bacarıqlarla biz bərpa olunan enerji mənbələrindən istifadə, tullantıları idarə edə bilirik. Davamı olaraq kənd təsərrüfatını inkişaf etdirə, qida təhlükəsizliyini təmin, ətraf mühiti mühafizə edə bilirik. 
 
Yaşıl bacarıqlar çox vacibdir, bu bacarıqlar əldə edilməlidir. Bu sahədə istər ümumi, istər ali təhsil müəssisələrinin fəaliyyətləri, o cümlədən elmi müəssisələrin fəaliyyəti olmalıdır. Bu məsələyə elmi yanaşma olmadan onu həll etmək mümkün deyil.
 
Hazırda ölkəmizdə, xüsusən işğaldan azad edilən ərazilərdə yaşıl layihələr icra olunur. Düşünürəm ki, gənclərimiz əldə etdikləri bilik və bacarıqlar vasitəsilə bu fəaliyyətə öz töhfələrini verəcəklər.
 
Ruhiyyə DAŞSALAHLI