Martın 22-dən başlayaraq   Hindistanın Amritapuri vilayətində “Amrita School of Engineering”nin bazasında Harbour Space University, Amrita School of Engineering, Codeforces və “Moscow Workshops ACM-ICPC”-nin birgə təşkilatçılığı ilə “Hello India x Russia Programming Bootcamp ACM-ICPC 2018” beynəlxalq proqramlaşdırma təlimləri keçirilir.

 

Martın 30-dək davam edəcək təlimlər ACM-ICPC Beynəlxalq Proqramlaşdırma müsabiqələrinə hazırlıq məqsədi daşıyır. Təlimlər Rusiyanın bu sahədə tanınmış mütəxəssisləri tərəfindən aparılır.

 

8 ölkənin (Hindistan, Azərbaycan, Oman, Litva, Rusiya, Sinqapur, İordaniya və Yaponiya)  28 ali təhsil müəssisəsindən gəlmiş  komandaların iştirak etdiyi təlimlər dünyada getdikcə daha da aktuallaşmaqdadır. Müasir dövrün tələblərinə cavab verən bilik və bacarıqların inkişaf etdirilməsində mühüm rol oynayan “Hello India x Russia Programming Bootcamp ACM-ICPC 2018” beynəlxalq proqramlaşdırma təlimlərində Azərbaycandan təkcə  Bakı Mühəndislik Universitetinin (BMU) komandası iştirak edir. Belə ki, BMU-nun “Kompüter və informasiya texnologiyaları” kafedrasının baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi ilə universitetin tələbələrindən (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Rəsul Kərimov) ibarət “BEU Programmers” komandası təlimlərə qatılıb.

 

Xatırladaq ki, “BEU Programmers” komandası BMU-nun Texnoparkında fəaliyyət göstərən aktiv layihələrdəndir.