Tarixçi alim Anar İsgəndərov erməni-türk münaqişələrindən danışıb


Martın 29-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professsor Mustafa Babanlı, tarixçi, professor Anar İsgəndərov, həmçinin professor-müəllim heyəti və tələbələr iştirak edib.

 

Əvvəlcə dövlət himni səsləndirilib. Sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxış edərək tarixi keçmişini bilməyin hər bir vətəndaşın borcu olduğunu söyləyib. Uzun illər ermənilərin Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışan rektor M.Babanlı zaman-zaman xalqımızın başına gətirilən müsibətlərdən söz açıb. 1918-ci il 31 mart gününün XX əsr Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifəsi olduğunu qeyd edən rektor xalqımızın başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə düzgün çatdırılmasının vacibliyini vurğulayıb.

 

31 mart soyqırımının azərbaycanlıların başına gətirilən nə birinci nə də sonuncu faciə olduğunu qeyd edən professor Anar İsgəndərov uzun illərdən bəri davam edəm erməni-türk münaqişələrindən, həmçinin ermənilərin və onların havadarlarının Azərbaycan xalqına qarşı məkrli siyasətindən bəhs edib. Professor A.İsgəndərov qeyd edib ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı xüsusi amansızlıqla törətdikləri qırğın nəticəsində  minlərlə azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

 

Tədbirin sonunda müstəqil Azərbaycan Respublikasının hər bir ölkə vətəndaşı üçün ən dəyərli sərvət olduğu fikri vurğulanıb və ölkəmizin gələcəyi olan gənc nəslin tariximizi yaxşı öyrənməsinin əhəmiyyəti qeyd olunub.