ADPU-nun bir qrup ingilis dili müəllimi beynəlxalq sertifikat alıb
Martın 2-də ölkəmizdə ilk dəfə təşkil edilən “Kembric günü”ndə Azərbaycan Dövlət Pedaqoji Universitetinin və onun Şəki Filialının bir qrup ingilis dili müəllimi beynəlxalq sertifikatla təltif edilib. Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) tərəfindən keçirilən “Kembric günü”ndə iştirakçılar Kembric Müəllim Kvalifikasiya proqramları, müxtəlif ingilis dili üzrə Kembric imtahanları ilə yaxından tanış olublar. Təcrübəli xarici və yerli təhsil işçiləri və müəllimlər bölmə seminarlarında ingilis dilinin səmərəli tədrisi ilə bağlı müxtəlif mövzularda təqdimatlar ediblər.
Qeyd edək ki, ingilis dilinin tədrisi səviyyəsinin artırılması məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Müəllim İnkişafı Mərkəzi ABŞ səfirliyinin maliyyə dəstəyi ilə birgə layihə həyata keçirir. Layihə çərçivəsində ADPU-nun və Şəki Filialının 26 nəfər ingilis dili müəlliminə 2018-2019-cu tədris ilinin I yarısında TKT Modul 1(tədris dilinin əsasları) üzrə təlim keçirilib və cari ilin yanvar ayında təlimin nəticəsi olaraq imtahanlar təşkil edilib.