Bakı Mühəndislik Universitetinin tələbələri beynəlxalq proqramlaşdırma müsabiqəsinin qalibi olub


22-30 mart tarixlərində Harbour Space University, Amrita School of Engineering, Codeforces, “Moscow Workshops ACM-ICPC”-nin birgə təşkilatçılığı ilə Hindistanın Amritapuri vilayətində Amrita School of Engineering bazasında “Hello India x Russia Programming Bootcamp ACM-ICPC 2018” beynəlxalq proqramlaşdırma təlimləri və müsabiqəsi keçirilib.

 

 ACM-ICPC Beynəlxalq Proqramlaşdırma müsabiqələrinə hazırlıq məqsədi daşıyan təlimlər Rusiyanın bu sahədə tanınmış mütəxəssisləri tərəfindən aparılıb.


Təlimlərdə və müsabiqələrdə 8 ölkənin (Hindistan, Azərbaycan, İordaniya, Litva, Oman, Rusiya, Sinqapur, Yaponiya) 28 ali təhsil müəssisəsi, 3 kollec və 3 şirkətdən 39 komanda iştirak edib.

 

Azərbaycandan Bakı Mühəndislik Universitetinin “Kompüter və İnformasiya Texnologiyaları” kafedrasının baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi ilə “BEU Programmers” (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Rəsul Kərimov) komandası təlimlərə və müsabiqələrə qatılıb.


Təlimlər çərçivəsində keçirilən müsabiqələrdə Bakı Mühəndislik Universitetinin “BEU Programmers” komandası ən yaxşı nəticə (7 müsabiqədə - 2 ikinci, 5 birinci yer) göstərərək yekun nəticəyə görə “Hello India x Russia Programming Bootcamp ACM-ICPC 2018” beynəlxalq proqramlaşdırma müsabiqəsinin qalibi olub və qızıl medala layiq görülüb. Universitetin komandasına  AzEduNet, Təhsildə İnnovativ Texnologiyalar, Edumedia, Azərbaycan Ultra Technologies ENGINET sponsorluq edib