Əbdülməcid Nadirşah oğlu Axundovun xatirəsi yad olunub


Sumqayıt şəhərində aprel döyüşləri zamanı şəhid olan AzTU-nun elektrotexnika və energetika fakültəsinin məzunu Axundov Əbdülməcid Nadirşah oğlunun ildönümü qeyd olunub.

 

Anım tədbirində şəhidin doğmaları və döyüş yoldaşları, Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə yanaşı elektrotexnika və energetika fakültəsinin dekanı, professor Mahir  Bəşirov, “Elektromexanika və elektrik avadanlığı” kafedrasının müdiri, dosent Hikmət Əliyev, həmçinin Əbdülməcidin bir vaxtlar təhsil aldığı fakültənin tələbələri iştirak ediblər. 

 

Professor Mahir  Bəşirov  anım tədbirinin iştirakçılarına Əbdülməcidin tələbəlik illərindən danışıb. Bildirilib ki, Əbdülməcid Axundov ictimai aktivliyi, nizam-intizamı və xoş xasiyyəti sayəsində nəinki elektrotexnika və energetika fakültəsinin müəllim və tələbələrinin, digərlərinin də sevimlisi olub. AzTU-da şəhidlərin xatirəsini əbədiləşdirmək üçün görülən işlər, yaradılan muzey haqqında məlumat verilərək qeyd olunub ki, şəhidin torpaqlarımızın azadlığı uğrunda göstərdiyi qəhrəmanlıq universitetin tələbələrinə örnək olaraq təbliğ edilir. 

 

Sonra Əbdülməcid Axundovun təhsil aldığı orta məktəbin şagirdlərinin hazırladığı bədii kompozisiya nümayiş etdirilib və şeirlər səsləndirilib. 

 

Tədbirin sonunda şəhidin anası Ceyran Axundova hər kəsə ailələri adından dərin minnətdarlığını bildirərək qeyd edib ki, Azərbaycan şəhidlərinin anaları bir oğul qarşılığında yüzlərlə, minlərlə oğul qazanır.