24 müəssisənin 52 mütəxəssisinə ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatı təqdim edilib


Bakı Ali Neft Məktəbi (BANM), BP və onun tərəfdaşlarının  əməkdaşlığı, həmçinin Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkəti ilə birgə həyata keçirilən Layihə İdarəetmə Məktəbi “Stream 16” və “Stream 17” adlı qruplarının məzun gününü qeyd edib. Uğurlu iştirakçılarını ABŞ-ın  Corc Vaşinqton Universitetinin magistr sertifikatı ilə təmin edən təlim proqramı - Layihə İdarəetmə Məktəbindən bu dəfə 24 müəssisənin 52 mütəxəssisi məzun olub. Həmin şirkətlərə  SOCAR, BP, “Paşa Holdinq”, “Paşa Siğorta”, “Azneft”, SOCAR AQŞ, SOCAR Upstream, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bakı Şəhər Halqası, “Gilan Tekstil Park”, “Azerconnect”, “Atlantic Waste Solutions”, “AzIn Telekom” və digərləri daxildir.

 

Ali Məktəbin kampusunda keçirilən tədbirdə BANM-ın rektoru Elmar Qasımov, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və digər rəsmilər iştirak ediblər.

 

Tədbiri  açan Ali Məktəbin rektoru Elmar Qasımov Layihə İdarəetmə Məktəbinin məzunlarını proqramı uğurla başa vurmaları münasibətilə  təbrik edib, onlara layihə menecmenti üzrə əldə etdikləri  bilikləri öz işlərində  tətbiq etməkdə müvəffəqiyyətlər diləyib.

 

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Layihə İdarəetmə Məktəbini hazırda yerli mütəxəssislərin ixtisaslarının artırılması istiqamətində ən uğurlu layihə adlandırıb və bu layihənin icrasını yüksək səviyyədə həyata keçirdiyi üçün Ali Məktəbə təşəkkür edib. X. Məmmədov SOCAR-ın təlim və biliklərin artırılması istiqamətində öz əməkdaşlarını daim dəstəklədiyini bildirərək qeyd edib ki, bu gün proqramı uğurla başa vuranlar arasında 23 nəfər SOCAR-ın müxtəlif müəssisələrindən olan əməkdaşlar vardır.

 

Tədbirdə həmçinin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və layihənin icra edilməsində böyük rolu olan Böyük Britaniyanın Stratex şirkətinin biznesin inkişafı üzrə meneceri Ed Hyuez çıxış edərək  məzunlara  təbriklərini çatdırıblar.

 

Layihə İdarəetmə Məktəbinin məzunlarından olan Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli  bu proqramın gənc mütəxəssislərin ixtisaslarının artırılması və layihə idarəetməsinin öyrənilməsində əvəzsiz olduğunu və  məktəbin məzunu olmaqdan sevinc hissi keçirdiyini bildirib.

 

Daha sonra məzunlaraa ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatı və hədiyyələr təqdim edilib.

 

Mərasim  bədii hissə ilə davam edib.