Aprelin 6-da AMEA İdarəetmə Sistemləri İnstitutunda bu qurumun rəsmi veb-saytının, həmçinin institutun direktoru, akademik Telman Əliyevin elmi fəaliyyətini əks etdirən veb-saytın yeni versiyasının təqdimat mərasimi keçirilib.

 

AMEA-dan verilən məlumata görə, tədbiri  açan institutun direktoru, akademik Telman Əliyev  təşkilat və qurumların fəaliyyətinin geniş təbliğində saytların böyük rola malik olduğunu bildirib. Qeyd edib ki, yüksək peşəkarlıqla hazırlanmış, müasir tələblərə cavab verən veb-saytlar qurumun güzgüsü rolunu oynamaqla yanaşı, onun beynəlxalq layihələrdə iştirakına geniş imkanlar yaradır. Alim hər iki veb-saytın yeni versiyasının yüksək səviyyədə təşkil olunduğunu söylədi, saytların zəruri məlumatlarla təmin olunması və institutun fəaliyyətinin operativ işıqlandırılmasının zəruriliyini vurğulayıb.

 

Sonra AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək AMEA Rəyasət Heyəti tərəfindən akademiyanın institut və təşkilatlarının veb-saytlarının müvafiq standartlara, eləcə də beynəlxalq, texnoloji, hüquqi və korporativ tələblərə uyğun hazırlanmasına böyük əhəmiyyət verildiyini, bu məqsədlə müvafiq qərarların qəbul olunduğunu söyləyib. Alim hazırda İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarından ibarət Monitorinq qrupu tərəfindən mütəmadi olaraq akademiyanın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqlərinin aparıldığını nəzərə çatdırıb.

 

Qeyd edib ki, bu gün AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytları Azərbaycan elmində baş verən yeniliklərin dolğun şəkildə işıqlandırılmasında xüsusi əhəmiyyət kəsb edir və alimlərimizin fəaliyyəti, onların aldıqları elmi nəticələrə dair məlumatlar bu saytlar vasitəsilə operativ olaraq yayımlanır: “Bu isə, öz növbəsində, əldə olunan elmi nailyyətlərin kommersiyalaşdırılmasının sürətləndirilməsi baxımından geniş imkanlar açır”.

 

Yusif  ƏLİYEV